Sürətlə inkişaf edən Azərbaycan, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməklə yanaşı, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə, çevik və adekvat reaksiyası ilə də diqqəti öz üzərinə cəlb etmişdir. Təsadüfi deyildir ki, dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdən ölkəmiz, bu gün qlobal enerji təhlükəsizliyi sisteminin əsasında dayanan və regional təhlükəsizliyə mühüm töhfələr verən ölkə kimi də önəmli bir ad qazanmışdır.
Sevindirici haldır ki, hazırda ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların təmin olunmasına və beynəlxalq arenadakı nüfuz və təsir gücünün artırılmasına istiqamətlənmiş diplomatik və diaspora fəaliyyəti dolğun və dinamik bir şəkildə uğurla davam etdirilir.
Digər tərəfdən əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət kursu da müəyyən prioritetlərin reallaşdırılması ilə bərabər möhkəm və dəyişməzliyi ilə də səciyyələnməkdədir.
Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq Azərbaycan hələ də işğal olunmuş torpaqlarının azad olunmaması, ona qarşı yürüdülən ikili satandartlar və bu kimi haqsızlıqlara dayanan bir sıra mövqelər səbəbindən əziyyət çəkir. Bu gün ölkə gündəmini daha çox narahat edən və siyasilərin aktiv şəkildə fəaliyyətinə səbəb olan əsas məsələ, sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və onunla daha çox bağlı olan məsələlərdir. Hansı ki, bu məslələrin həlli ilə bağlı ictimayyətin bütün təbəqələrinin mövqeyi demək olar ki, bir mərkəzdə cəmlənmişdir.
Təsadüfi deyildir ki, ölkə Prezidenti Cənab İlham Əliyev də sentyabrın 21-də Bakıda ölkənin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki nitqində demişdir: "Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, və beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam etdirilir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılmalıdır...".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ərazilərimizin erməni silahlı birləşmələri tərəfindən işğalı və bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın üzləşdikləri cətinlikləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya catdırılması, qətliama obyektiv qiymətin verilməsi istiqamətində də uğurlu addımlar ataraq, reallaşdırmış olduğu tədbirlərdə "Xocalı soyqırımı" ilə bağlı filmlər, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc edilmiş materiallar, habelə fondun mütəmadi şəkildə ümumtəhsil məktəbləri və uşaq evlərində kecirdiyi "Xocalı uşaqların gozu ilə" mövzusunda rəsm müsabiqəsindən ibarət ekspozisiyalar ilə problemin dünya ictimayyətinə çatdırılması baxımdan müstəsna əmək sərf etmişdir.
Məhz bunun nəticəsidir ki, fondun dəstəyi və təşkilatcılığı ilə məktəblilər arasında kecirilmiş "Xocalı uşaqların gözu ilə" rəsm müsabiqələrinin əsərləri, fotoşəkillər və əl işlərindən ibarət sərgilər dünyanın bir sıra qabaqcıl ölkə ictimaiyyətində XX əsrin ən boyuk faciəsi və onun acı gerçəkləri ilə bağlı dolğun təsəvvürlər formalaşdırmışdır. Məhz bunun nəticəsidir ki, bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları və aparıcı dovlətləri bəşəriyyətə qarşı yonəldilmiş bu cinayətin əsil mahiyyətini getdikcə daha cox anlayaraq, təcavüzkarla təcavüzə məruz qalanı daha yaxşı tanımağa başlamışdır.
Qeyd edə bilərik ki, fondun təşəbbüsü və dəstəyi ilə 2007-ci il fevralın 26-da Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi, 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans, habelə 2010, 2011, 2012-ci illərdə və bu il ərzində faciənin ildönümü ərəfəsində Xocalı həqiqətlərinin 100-dən çox ölkəsində qeyd olunması, soyqırımı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımdan son dərəcə əhəmiyyətli addımlardan olmuşdur.
Vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ munaqişəsinin əsil səbəbkarları, o cümlədən, Xocalı soyqırımı haqqında dunya birliyndə aydın təsəvvürün formalaşdırılması baxımından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə yanaşı, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da xususi və əvəzedilməz xidmətləri olmuşdur. Belə ki, Xocalı həqiqətlərinin dünyaya bəyan edilməsi üçün 2008-ci il mayın 8-də İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (DƏGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmişdir ki, hazırda bu kampaniya çərçivəsində də 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə erməni vəhşilikləri zəminində baş verən Xocalı həqiqətləri bütün dünya ictimayyətinə duyurulmaqdadır.
Beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi, habelə hüquqi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin daim anılmasına nail olmağı qarşıya məqsəd olaraq irəli sürən kampaniya, artıq bu istiqamətdə bir sıra nailiyyətlərə də imza atmışdır. Belə ki, İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatcılığı ilə hələ 2008-ci ilin mayın 17-də kecirilmiş İKGT ekspertlərinin ikigünluk iclasında, kampaniyanın fəaliyyəti dəstəklənərək, 26 fevralın, quruma üzv dövlətlər tərəfindən -Xocalı soyqırımı və humanitar fəlakət qurbanlarının xatirəsinin anım günü kimi qeyd olunması haqda mühum qərar qəbul olunmuşdur.
Məlumat üçün onu da bildirək ki, Xocalı soyqırımının dünaya ölkələri tərəfindən tanıdılması prosesinin surətlənməsi və bu kampaniyaya getdikcə daha cox insanın qatılacağı proqnozlaşdırılmaqdadır. Belə ki, prosesə dövlət səviyyəsində də dəstəyin verilməsi aparılan işlərin effektli və səmərəli olması baxımdan mühüm önəm kəsb etməkdədir. Xatırladaq ki, Xocalı soyqırımın 20 illiyi öncəsi Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xocalı soqırımının hər il anım mərasiminin yüksək səviyyədə keçirilməsi ilə bağlı mətbuata vermiş olduğu açıqlamada bu məslənin ölkə Prezidenti tərəfindən sanksiyalaşdırıldığına diqqət çəkərək, müvafiq tədbirlərin ölkə ilə yanaşı, xaricdə də mütəşəkkil qaydada keçiriləcəyini bildirmişdir. Sitat: "Bir ucu Asiya ölkələri, bir ucu Avropa, bir ucu Amerika qitəsi ölkələrində - demək olar ki, Azərbaycan səfirliklərinin, diasporunun təmsil olunduğu, xarici siyasətimizin əli çatan bütün ölkələrdə, bütün dairələrdə tədbirləri sistemli şəkildə keçirmək və həmin ölkələrin ictimai dairələrinin diqqətini bu faciəyə, o vəhşilikləri törədənlərə cəlb etməkdə fikrimiz qətidir. Bundan başqa, Azərbaycan hökuməti harada mümkündürsə, Xocalı faciəsinin həmin ölkələrin parlamentində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində də ciddi addımlar atır və atacaqdır. Bu iş sistemli şəkildə aparılır. Bu il biz həm dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın, həmçinin "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Leyla Əliyevanın sədrliyi ilə həyata keçirilən tədbirlərin effektivliyinin, Heydər Əliyev Fondunun və digər təşkilatların neçə illərdən bəri gerçəkləşdirdiyi tədbirlərinin təsirliyinin artırılması istiqamətində vahid proqram əsasında işlər həyata keçiririk. Düşünürük ki, yaxın müddətdə bunun nəticələrini həm Azərbaycan, həm də dünya ictimaiyyəti görəcək. Bu il biz Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, bu faciənin günahkarlarının ifşa edilməsi istiqamətində, sözün həqiqi mənasında, ciddi nailiyyətlər əldə edəcəyik".
Əslində, bir il bundan öncə deyilən bu sözlər 2013-cü il üçün, sözün həqiqi mənasında, özünü doğrultmuşdur ki, bu da statistik rəqəmlərdə özünü daha çox büruzə verməkdədir. Nümunə üçün bildirək ki, əgər 2010-2011-ci illər ərzində bu qətliamı 3 ABŞ ştatı qəbul etmişdirsə, son iki il ərzində bu siyahıya 10 ABŞ ştatı - Nyu-Cersi (2012-ci il fevralın 23), Corciya (2012-ci il fevralın 28), Men (2012-ci il martın 23), Nyu-Meksiko (2013-cü il yanvarın 28), Arkanzas (2013-cü il fevralın 8), Missisipi (2013-cü il fevralın 25), Oklahoma (2013-cü il martın 4), Tennessi (2013-cü il martın 18), Pensilvaniya (2013-cü il martın 20) və Vest Virginia (2013-cü il aprelin 3) ştatları da əlavə olunmuşdur.
Bu günə qədər isə bu soyqırımı aktını tanıması ilə bağlı təkcə iki il ərzində 6 dövlət- Pakistan (2012-ci il fevralın 1), Meksika (2012-ci il fevralın 2), Kolumbiya (2012-ci il aprelin 24), Ruminiya (2013-cü il fevralın 12), Çexiya (2013-cü il fevralın 19), və Bosniya və Herseqovina (2013-cü il fevralın 26) dövlətləri tanımışdırlar.
Ərəstun