Koreya Respublikasında ingilis dilində gündəlik nəşr olunan nüfuzlu "The Korea Herald" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr olunan məqalə çap edilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Koreya Respublikasındakı müvəqqəti işlər vəkili R.Teymurovun müəllifi olduğu məqalədə müsəlman Şərqində respublika quruluşlu ilk dövlətin yaranmasından, yaşamasından və süqutunun səbəblərindən söz açılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq siyasi, iqtisadi, mədəni sahədə böyük uğurlar əldə olunmuşdur. Bütün bunlar XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa edilməsində öz rolunu oynamışdır.
Məqalədə Xalq Cümhuriyyətinin həyata keçirdiyi demokratik islahatlar, o cümlədən bir çox Qərb ölkələrindən və ABŞ-dan əvvəl qadınlara səsvermə hüququnun verilməsi xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, XX əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası çətin dövrü arxada qoyaraq dinamik inkişafa nail olmuşdur. Son illər qazanılmış böyük uğurlar beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir.
Məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumat verilmiş, BMT Təhlükəsizik Şurası, ATƏT, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq təşkilatların erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilmədiyi təəssüflə vurğulanmışdır.
Azərbaycan-Koreya münasibətlərinin hazırda uğurla inkişaf etdiyinin vurğulandığı yazıda ötən müddətdə həyata keçirilmiş yüksək səviyyədə qarşılıqlı səfərlər, imzalanmış sənədlər əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərmişdir. Məqalənin tam mətni ilə aşağıdakı mənbədə tanış olmaq olar: http://www.koreaherald.com/view.php?ud=20130529000722.
AzərTAc