PDF Oxu

Siyasət

  • 16

ATGTİ İlham Əliyevin namizədliyini dəstəkləyir

ATGTİ İlham Əliyevin namizədliyini dəstəkləyir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət rəsmiləri və eyni zamanda ATGTİ-nin üzvü olan 84 ali və orta ixtisas təhsil müəsisələrinin tələbə gənclər təşkilatının seçilmiş nümayəndələrindən ibarət 1400-dən çox tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan ATGTİ sədri Şahin İsmayilov konfransın gündəliyi və digər məsələlər barədə məlumat verib: "Konfransın gündəliyinə ATGTİ-nin illik hesabatı, ATGTİ-yə yeni üzvlərin qəbul olunması və mövzular ətrafında müzakirələrin aparılması məsələləri daxil edilib. Eyni zamanda 10 ildə dövlət gənclər siyasəti və bu siyasətin reallaşdırılmasında tələbə gənclər təşkilatlarının töhvəsi, ATGTİ-nin bu siyasətə töhvəsi, son 10 ildə Azərbaycanda gedən ictimai-siyasi proseslər və gənclərin bu proseslərə münasibəti və s. mövzular da müzakirələr sırasındadır". Bununla yanaşı, Şahin İsmayilov ATGTİ-nin son bir ildəki fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələr haqqında məlumat verib.

Daha sonra ATGTİ-yə üzv olan gənclər təşkilatlarının nümayəndələri çıxış edərək fəaliyyətləri haqqında məlumat veriblər.

Şahin İsmayilov yekun çıxışında ATGTİ-nin ətrafında olan bütün təşkilatlarla birgə dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin davamında ATGTİ-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanatı qəbul olunub.

Bəyanatda deyilir:

Azərbaycan Respublikasında fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müsəssisələrinin 100 minə yaxın tələbəsini özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının hər bir üzvü cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, vətənimizin bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunması, yüksək kürsülərdə söz sahibi olmasından fəxr duyur. Cənab prezidentin hakimiyyəti illərində ölkəmizdə həyata keçirilən iqtisadi-sosial layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının yaxşılaşdırılması, xarici ölkələrlə çoxşaxəli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb.

Bu gün Avrasiya məkanında reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox mühüm məsələdir.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə, gənc nəslə yaratdığı şərait və verdiyi dəstək bütün Azərbaycan gəncliyinə böyük stimul olub və məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq, beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi edib. Sadəcə Eurovision mahnı müsabiqəsinin Bakıda kreçirilməsi və Azərbaycanın 2015 Avropa Olimpiadasına ev sahibliyini etməsi buna əyani sübutdur. Qafqaz regionunun iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edən Azərbaycan Respublikasının iqtisadi və demoqrafik göstəriciləri bu gün Gürcüstan və Ermənistanın müvafiq göstəricilərini üstələyir. Vətənimiz Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olaraq dünyada mövqelərini dəfələrlə möhkəmlədə bilmiş, tarixi həqiqətlərimizi dünyaya çatdırmağa, ermənilərin uydurma yalanlarını ifşa etməyə nail olmuşdur. Məhz bu səbəbdəndir ki, son illər bir çöx dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları Xocalı Qarabağ həqiqətlərini rəsmi şəkildə tanıyıb.

Hər bir müstəqil dövlətin dünya birliyində özünə layiq yer tutmasını təmin edən amillər içərisində onun silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, ali baş komandan İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Bunun nəticəsidir ki, müasir Azərbaycanın keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, güclü, istənilən döyüş tapşırığını yerinə yetirməyə qabil olan ordusu vardır.

Bütün bunları nəzərə alan Azərbaycan gəncliyi olaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, ölkəmizin bu günü və gələcəyi naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edir, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də uğurlu inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq"

Qeyd edək ki, konfrans eyni zamanda birbaşa video görüntü vasitəsi ilə Bakı, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində də keçirilib.

sia.az

Digər xəbərlər