Azərbaycanda "Avro 3" standartının tətbiqinə bu ildən başlanıla bilər.
Bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov demişdir.
Komitə sədrinin sözlərinə görə, "Avro 3" standartı qəbul olunsa da, onun tətbiqi uzun prosesdir və bunun üçün vaxt müəyyənləşməlidir: "Bu məsələ həm avtomobillərə, həm də bizdə istehsal olunan yanacaqlara aiddir, proses bərabər getməlidir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də "Avro 3"ün tətbiqinə hazırdır".
R.Həsənov bildirmişdir ki, son on ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən sertifikat alanların sayı yüzlərlə artmışdır. Fizika, kimya və ümumən sənaye sahəsinə aid olan işlərə dair sertifikatların alınması üçün müraciətlərin sayı daha çoxdur.
Komitə sədri demişdir ki, etalon bazasının inkişafı üçün proqram hazırlanmışdır. Bu proqramda etalon bazasının inkişafı ilə bağlı bütün məqamlar öz əksini tapmışdır. Hazırda kütlə etalonları 90 faiz komplektləşdirilmişdir. Təzyiq, elektrik etalonları müasirləşdirilir.
yap.org.az