Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf üzrə komitəsinin iyunun 3-də Parisdə keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyevanın hazırladığı "Avropada uşaq yoxsulluğu" mövzusunda məruzəsi dinlənilmişdir.
İclasda çıxış edən Sevinc Fətəliyeva demişdir ki, bütün dünyada uşaqlar yetkinlik yaşına çatana qədər üzvü olduqları ailənin maliyyə vəziyyətindən asılıdırlar və bunu dəyişə bilməzlər. Müasir dövrdə dünyada baş verən maliyyə böhranın qurbanı olan ölkələrdəki iqtisadi vəziyyət yoxsulluğun əsas səbəblərindəndir. Avropanın gələcəyini düşünən şəxslər və beynəlxalq təşkilatlar bu sahədə fəaliyyəti gücləndirməlidirlər. Məruzənin əsas məqsədi - uşaq siyasətini prioritet məsələyə çevirmək, Avropa Şurasına üzv ölkələrdə xüsusi milli strategiyaların yaranmasına təkan verməkdir.
Sonra çıxışlar olmuş və məruzə qəbul edilmişdir.
AzərTAc