PDF Oxu

Siyasət

  • 10

İsveç Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsində maraqlıdır

İsveç Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsində maraqlıdır

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oomun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xələf Xələfov ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən münasibətlərdən məmnunluğunu bildirmişdir. Siyasi sahədə iki ölkə arasında faydalı dialoq qurulduğunu qeyd edən nazir müavini İsveç şirkətlərinin Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. O, Azərbaycana xarici sərmayələrin yatırılması üçün hər cür şəraitin yaradıldığını vurğulamış, ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmişdir. Azərbaycanın İsveç ilə istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirmişdir.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərindən və xüsusilə də "Şərq tərəfdaşlığı" çərçivəsində fəaliyyətindən danışan Xələf Xələfov demişdir ki, bu əməkdaşlıq ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayır. Bu istiqamətdə Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Belə ki, region iqtisadiyyatının 80 faizi onun payına düşür. Azərbaycan Aİ üçün mühüm əhəmiyyət kəsb edən bir sıra enerji, nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı və icraçısıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Xələf Xələfov problemin həllini tapmamasının bölgədə davamlı sülhə və sabitliyə əsas maneə olduğunu bildirmiş və regional inteqrasiyaya zərbə vurduğunu diqqətə çatdırmışdır. Nazir müavini münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətin, xüsusilə də Aİ-nin işğalçı dövlətə qarşı təzyiqinin artırılmasının zəruriliyini vurğulamışdır.

Qunnar Oom ölkəsinin də Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsində maraqlı olduğunu qeyd edərək bildirilmişdir ki, İsveç şirkətlərinin Azərbaycana marağı getdikcə artmaqdadır. Artıq bir sıra İsveç şirkətlər Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir. Əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətini qeyd edən Qunnar Oom İsveçin yaxın vaxtlarda Bakıda səfirliyini açmağa hazırlaşdığı barədə məlumat vermişdir.

Azərbaycana səfəri zamanı iqtisadiyyatımızın dinamik inkişafının şahidi olduğunu deyən qonaq telekommunikasiya, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırmışdır.

Xələf Xələfov İsveçin Azərbaycanda səfirliyini açmaqla bağlı qərarını yüksək qiymətləndirmiş və bunun ölkələrimiz arasında əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirmişdir.

AzərTAc

Digər xəbərlər