Bu gün Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində "Sərhəd" hərbi-idman oyununun final turunun açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasiminə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Mərasimdə qeyd edilib ki, DSX vətənimizin sərhədlərinin mühafizəsini təşkil etməklə, böyük tikinti-quruculuq işləri aparmaqla yanaşı, gənclərin vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, sərhədə və sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları mühüm yer tutur.
Diqqətə çatdırılıb ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikası DSX-nın rəisinin, Təhsil Nazirinin, Gənclər və İdman Nazirinin birgə qərarı əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü ərəfəsində üç mərhələdən ibarət olan "Sərhəd" hərbi-idman oyunları təşkil olunub: "Bu gün təntənəli açılış mərasiminə toplaşdığımız final oyunlarının birinci mərhələsində respublikamızın 28 sərhədyanı rayonundan 125 məktəbin 625 şagirdi iştirak edib, ikinci mərhələyə 26 məktəbin 130 şagirdi qatılıb. Səkkiz zonada keçirilən yarışların qalibləri final mərhələsinə vəsiqə qazanıb".
Final turuna Ordubad rayon internat tam orta məktəbinin "Gəmiqaya" komandası, Füzuli rayonu Mahir Səfərov adına Horadiz şəhər 1 nömrəli tam orta məktəbin "Ərgünəş" komandası, Cəlilabad rayon Ləkin kənd orta məktəbinin "Ləkin" komandası, Lənkəran rayonu Haftoni qəsəbəsi tam orta məktəbinin "Sərhədçi" komandası, Qusar rayonu Yuxarı Qalanxur kənd orta məkətbinin "Samur" komandası, Oğuz rayonunun Bucaq kənd orta məktəbinin "Sərhədçi" komandası, Qax rayonunun Almalı kənd orta məktəbinin "Kürmük" komandası, Ağstafa rayonunun Böyük-Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası vəsiqə qazanıblar.
Final turunda komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyyəsi", "tüfəngdən hədəfə atəş açmaq", "maskalanma", "yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etirəcəklər.
Doqqu gün ərzində iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, yaşayışı ilə yaxından tanış olacaq, asudə vaxtlarında ekskursiyalara aparılacaq, müxtəlif mədəni-kütləvi tədbirlərə və idman yarışlarına qatılacaqlar.
sia.az