PDF Oxu

Siyasət

  • 13

“Euronews” telekanalında “Azərbaycanda xalqların qardaşlığı” mövzusundan bəhs edən süjet yayımlanmışdır

“Euronews” telekanalında “Azərbaycanda xalqların qardaşlığı” mövzusundan bəhs edən süjet yayımlanmışdır

"Euronews" telekanalında Azərbaycan barədə süjet yayımlanmışdır.

Kanal bu dəfə Azərbaycanda yaşayan azsaylı xalqlar haqqında reportaj hazırlamışdır. Azərbaycanda xalqların qardaşlığı mövzusunda hazırlanan süjetdə bildirilir ki, Qafqazda 50-dən artıq etnik qrup və müxtəlif dini inanclara malik insanlar birgə yaşayırlar.

Süjetdə bu günlərdə Bakıda öz işini uğurla başa çatdırmış İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda din və ictimai xadimlərin müxtəlif mədəniyyət və dini münasibətlərlə bağlı problemləri müzakirə etmək məqsədi ilə bir araya gəldikləri də xüsusi vurğulanır.

"Euronews"un əməkdaşı avropalı tamaşaçılara Quba rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi barədə də geniş məlumat verir. Süjetdən məlum olur ki, Xınalıq sakinlərinin həm Azərbaycan dilində, həm də öz dialektlərində danışmaları müəllifin xüsusi marağına səbəb olmuşdur. Müəllif bildirir ki, Xınalığın təxminən 2000-ə yaxın sakini vardır və bu yer Azərbaycanın ən qədim və ucqar kəndlərindən, Avropada insanların məskunlaşdığı ən yüksək dağlıq yerlərdən biridir. Reportajda bu etnik qrupun tarixinin, mədəniyyətinin və dilinin qorunmasının vacibliyi qeyd edilir və onlara Azərbaycanda xüsusi qayğı göstərildiyi diqqətə çatdırılır. Kəndə turistlərin də axının çox olduğu və əksər sakinlərin evlərini sakit və tənha yerdə yaşamaq istəyən xarici turistlərə kirayə verdikləri də qeyd edilir.

Daha sonra Quba rayonundakı Qırmızı qəsəbəyə baş çəkən müəllif bildirir ki, burada öz dillərində danışan, milli adət-ənənələrini qoruyub saxlayan yəhudilər məskunlaşmışlar. Qeyd edilir ki, bəzi məlumatlara görə, yəhudi icması Azərbaycanda təxminən eramızdan 500 il əvvəl məskunlaşmışdır. Süjetdə, həmçinin vurğulanır ki, Azərbaycanda bütün xalqlar və etnik qruplar hər hansı gərginlik olmadan bir yerdə, bir ailənin üzvləri kimi yaşayırlar.

Sonda bir daha diqqəti Bakıda keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yönəldən telekanal əməkdaşı Forumun konseptual çərçivələr və idarəetmədən siyasət və təcrübəyə qədər bir çox problemlərin müzakirə edildiyi meydan olduğunu vurğulamışdır.

yap.org.az

Digər xəbərlər