İyunun 4-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Mərasimi Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud açdı: "Mən çox sevinirəm ki, bu gün sizləri Bakıda XX neft, qaz sərgi və konfransında salamlayıram. Biz çox sevinirik ki, bu sərgi-konfrans daha böyük, daha möhtəşəm bir tədbirə çevrilmişdir və eyni zamanda, onu cənab Prezident İlham Əliyevin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün rəsmi şəxslərinin iştirakı ilə açırıq.
Biz 20 il bundan əvvələ baxarkən görürük ki, çox böyük bir yol keçmişik. Bu, elə bir uzun yol olmuşdur ki, əsasında beynəlxalq şirkətlər, Azərbaycan xalqı, Azərbaycan müəssisələri və sahibkarları bir-biri ilə sıx əlaqədə olmuşlar. Mən düşünürəm ki, bu il, eyni zamanda, sərgi zalında xüsusi bir bölmənin açılması çox uğurlu haldır. Bu bölmədə Azərbaycanın 90-dan artıq şirkəti və müəssisəsi bir yerə cəm olaraq bp-nin layihəsi çərçivəsində proqram iştirakçılarına çevrilir. Mən qeyd etdim ki, 20 il ərzində çox böyük bir yol qət etmişik. Növbəti 20 il, zənnimcə, daha səmərəli, daha maraqlı olacaqdır. Biz artıq dünya enerji sistemində baş vermiş böyük dəyişikliklərin şahidi olmuşuq. Mən inanıram ki, yalnız birgə işləməklə, birgə əməkdaşlıqla və bütün təcrübələrimizin mübadiləsini təmin etməklə, birgə səylərimizlə biz daha davamlı, daha müvəffəqiyyətli layihələrə nail ola bilərik."
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi. Prezident öz çıxışında vurğuladı ki, iyirmi il ərzində Azərbaycan da böyük yol keçib. Prezident qeyd edib ki, Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilib: "İyirmi il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik. Sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, çox böyük əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni, neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatlar yox idi. Biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik ki, necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir? Halbuki, 1990-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdi.
Məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir. Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər üçün də bizim dəqiq planlarımız, konkret proqramlarımız vardır. İyirmi il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı, sadəcə olaraq, proqramlar, niyyətlər var idi. Əlbəttə, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisə, yəni, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə "Əsrin kontraktı" adı verilmişdir. İndi - XXI əsrdə biz deyə bilərik ki, bu, iki əsrin kontraktıdır. Çünki bu gün də "Azəri-Çıraq-Günəşli" yataqları üzrə imzalanmış kontrakt öz əhəmiyyətini itirmir. Əksinə, bu kontraktın icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır. Çox gözəl investisiya mühiti yaradılmışdır. Bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir. Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən Azərbaycanı "Holland sindromu", yaxud da ki, "neft lənəti" gözləyir fikirlərinin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır. Bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir."
Prezident daha sonra bildirib ki, bugünkü Azərbaycan ölkəmizdə enerji sektorunda görülən işlərin ən gözəl nümunəsidir: "Ölkəmizin uğurlu inkişafı ilə bağlı çox söz deyilə bilər. Sadəcə olaraq Azərbaycan şəhərlərinə baxmaq kifayətdir ki, hər kəs görsün, doğrudan da, Azərbaycan nefti Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Hesab edirəm ki, biz çox düşünülmüş siyasətlə neftdən əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Biz insan kapitalına böyük sərmayələr qoya bilmişik. Biz bu sahədə tam şəkildə şəffaflığı təmin edə bilmişik. Bu gün 15 ilə yaxındır ki, fəaliyyət göstərən Dövlət Neft Fondumuz dünya miqyasında suveren fondlar arasında ən qabaqcıl yerlərdədir. Şəffaflığa, idarəçiliyə və ümumiyyətlə, bütün meyarlara uyğunluğuna görə Azərbaycan Dövlət Neft Fondu sözün əsl mənasında fərqlənir."
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın təbrik məktubunu oxudu. Sonra Böyük Britaniyanın Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri Baş nazir Devid Kemeronun təbrik məktubunu oxudu. Daha sonra dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə tanış oldular. Məlumat verildi ki, bu il "Caspian Oil and Gas" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, gələcək əməkdaşlığa dair sazişlərin və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak etmişdir.
Diqqətə çatdırıldı ki, bu il öz yubileyini qeyd edən "Caspian Oil and Gas" sərgisində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 27 ölkəsindən 386 şirkət iştirak edir. Onlar arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), "bp-Azerbaijan", OMV, "Total", TPAO, "Statoil", "Petkim", RWE və bir çox digər şirkətlər yer alır. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçirilir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunur. Ötən illə müqayisədə sərgi meydançasının həcmi 22 faiz, eksponentlərin ümumi sayı isə 25 faiz artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil edən yeni şirkətlər isə sərgiyə marağın böyük olduğunu göstərir. Qeyd edildi ki, burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və gələcək layihələr də təqdim olunur. Bildirildi ki, sərginin keçirildiyi illər ərzində sevindirici hal ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30 faizini təşkil edirlər. İyirmi şirkətin sponsorluq etdiyi sərginin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "qızıl sponsor"ları isə "bp-Azerbaijan" və "Statoil" şirkətləridir. Həmçinin dünyanın müxtəlif ölkələrindən onlarla aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir. Diqqətə çatdırıldı ki, sərgi çərçivəsində keçiriləcək konfransın işgüzar proqramı da genişdir. Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialı və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaqdır.