PDF Oxu

Siyasət

  • 14

Yeni Azərbaycan Partiyası möhtəşəm uğurlara imza atan monolit birliyə malik hakim siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası möhtəşəm uğurlara imza atan monolit birliyə malik hakim siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son iyirmi illik dövründə bir çox layihələrə, uğurlara, nailiyyətlərə imza ataraq böyük amalını, ideyalarını gerçəkləşdirib. Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. YAP-ın qısa zamandakı uğurları onun siyasi gücünün, iradəsinin məntiqi nəticəsi idi.

Ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz zəruriyyətindən yaranan YAP Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisinə çevrilib. Belə ki, 1991-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqın sağlam qüvvələri, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Məlum müraciətə cavab məktubunda Ulu Öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.

Yaxın zamanda Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

1993-cü ilin oktyabrında YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sıralardadır.

İlham Əliyevin 2003-cü ilin 15 oktyabr tarixində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə prezidenti seçilməsi oldu. Xalq liderinin sözünə güvənərək öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə YAP-ın III qurultayı keçirildi. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyev partiyanın Sədri seçildi. Beləliklə, Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı.

Onu da vurğulayaq ki, Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 370 min nəfərə yüksəlmişdi. Hazırda isə, hakim partiyanın üzvlərinin sayı 600 mindir.

Müasir həyatımızda partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni uğurlara imza atır. Dövlət başçısının rəhbərliyi ilə məqsədli şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi-iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.

YAP nəinki ölkəmizin, eləcə də, Cənubi Qafqaz bölgəsinin ən böyük siyasi qüvvəsinə çevrilib. Onun çəkisi, siyasi qüvvəsi dünyanın nüfuzlu partiyaları ilə ikitərəfli qaydada və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlığında daha aydın görünür. Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlət olduğundan dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub.

Dünyanın inkişaf etmiş, qabaqcıl dövlətlərin aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması da YAP-ın liderlik missiyasından irəli gələn amildir. Müasir dövrümüzdə dünyanın onlarla müxtəlif siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar münasibətlər sülh, əmin-amanlıq prinsipləri əsasında həyata keçirilir. Beynəlxalq münasibətlər zəminində qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyası Avropa və Asiyanın bir çox aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb. O cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlər quran YAP intensiv olaraq görüşlər təşkil edir, fikir və təcrübə mübadilələri aparır. Dünyanın 51 ölkəsinin təmsil olunduğu "Asiya siyasi partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. Onu da vurğulamaq yerinə düşər ki, YAP siyasi partiyaların birləşdiyi beynəlxalq təşkilatların həm üzvüdür, həm də bu qurumlarla fəal əməkdaşlıq edir.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrindən söz açarkən Avropanın ən güclü və nüfuzlu siyasi qurumlarından olan və Avropanın 39 ölkəsini təmsil edən 70-dən çox partiyanı birləşdirən Avropa Xalqları Partiyası ilə çox sıx və səmərəli əməkdaşlığını da vurğulamaq vacibdir. YAP-ın Avropa Xalqları Partiyası ilə əməkdaşlıq etməsi təsadüfü hal deyil. Bu partiyanın beynəlxalq aləmdə nüfuzunun nümunəsidir.

Onun geniş coğrafi məkanı günü-gündən genişlənir. Mövcud əlaqələr müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyin ifadəsidir. YAP bu kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində tribuna əldə edib. Azərbaycanın haqq səsini, Dağlıq Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir. Azərbaycanda mövcud vəziyyət, iqtisadi inkişaf prosesi haqda məlumat verir. Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, torpaqlarımızın 20 faizinin işğal olunması və bunun nəticəsində də 1 milyondan çox mülki şəxsin öz torpaqlarından məcburi köçkün vəziyyətinə düşməsi ətrafında fikirlər ictimaiyyətə faktlar əsasında çatdırılır.

YAP-ın təşkilatçılığı ilə bir sıra beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi də bu baxımdan əhəmiyyətlidir. Belə ki, Bakıda "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu", "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları", "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" və başqa mövzularda keçirilən beynəlxalq konfranslar beynəlxalq əlaqələr zəminində uğurlu addımlardır. Bu gün Azərbaycan çox mühüm, əzəmətli, möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməkdədir.

Azərbaycan müasir dövrümüzdə özünün yeni inkişaf mərhələsini yaşayır. Bütövlükdə isə bu, Azərbaycanın dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır. Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Azərbaycan beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu baxımdan, Azərbaycan dünyanın nəzər nöqtəsində olan ölkəyə çevrilib. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Yeri gəlmişkən, Cənab İlham Əliyevin ötən dövr ərzində prezident kimi fəaliyyəti Ulu Öndərimizin sözlərinin doğrulduğu məqam kimi yaddaşlara və tarixə həkk edildi. Dövlət başçısının istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı və sözlə əməlin üzvi vəhdətinə söykənən lider imici ilə həm də gələcək nəsillər üçün mükəmməl nümunə yaratdı.

Görülmüş işlərin yekunu və məntiqi davamı ölkəmizin ictimai-siyasi həyatında mühüm və aparıcı yer tutan Yeni Azərbaycan Partiyasının V qurultayı ərəfəsindəyik.

Qurultay yeni mərhələdə partiyanın qarşısında duran vəzifələri və prioritet istiqamətləri müəyyən edəcək, gələcək fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar qəbul olunacaq. Partiyanın ali orqanı ölkəmizin strateji inkişaf istiqamətinin Ümummilli Lider Heydər Əliyev xəttinə sadiq olduğunu bir daha və yüksək səviyyədə təsdiqləyərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin prezidentliyə namizədliyinə yekdilliklə səs verəcək. Bununla da siyasi fəaliyyətinin kökündə demokratik, hüquqi dövlətin dəyər və normaları dayanan YAP, möhtərəm İlham Əliyevin hərtərəfli, çoxşaxəli və nəticə etibarilə uğurlu siyasətinin layiqincə həyata keçirilməsinin və ardıcıl olaraq davam etdirilməsinin ölkəmiz və xalqımız üçün tarixi zərurət olduğunu bir daha vurğuladı.

Azərbaycan xalqı yekdilliklə özünün layiqli liderinə səs verərək, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi növbəti dəfə prezident kürsüsündə görmək istəyini ifadə edəcəyinə heç şübhə yaranmır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər