PDF Oxu

Siyasət

  • 8

Volqoqradda Rusiya-Azərbaycan dostluğu parkının təməli qoyulmuşdur

Volqoqradda Rusiya-Azərbaycan dostluğu parkının təməli qoyulmuşdur

Dördüncü Rusiya-Azərbaycan Forumu çərçivəsində iyunun 5-də Volqoqradda "Bakı" parkının təməlqoyma mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nüfuzlu nümayəndə heyəti, respublikamızın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak etmişlər.

Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq qeyd etmişdir ki, bu gün Volqoqradda "Bakı" beynəlxalq parkının tikintisinə start verilir. Volqoqrad vilayətinin vitse-qubernatoru bildirmişdir ki, iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə Rusiya arasında yaranmış möhkəm əlaqələri qiymətləndirmək çətindir. Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov mərasimin iştirakçıları qarşısında çıxış edərək demişdir ki, xatirə kapsulunun gələcək nəsillər üçün saxlanması Rusiya ilə Azərbaycan arasında sarsılmaz dostluğun rəmzi olacaqdır.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd etmişdir ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü və Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə "Bakı" parkının bünövrəsi qoyulacaqdır. Parkın salınması barədə razılaşma bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilmişdi. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, dostluq parkının salınması sahəsində kompleks işləri ən qısa müddətdə yerinə yetirmək qərara alınmışdır. Ə.Həsənov demişdir: "İnanıram ki, əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park volqoqradlıların ən gözəl və sevimli istirahət yerlərindən biri olacaqdır. Sevindirici haldır ki, parkın təməli Stalinqrad döyüşündə alman-faşist işğalçılarının sovet qoşunları tərəfindən darmadağın edilməsinin 70 illiyinin qeyd olunduğu ildə qoyulur. Bu Qələbəni digər xalqların nümayəndələri ilə yanaşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş Azərbaycan əsgərləri də yaxınlaşdırmışlar. Biz fəxr edirik ki, Stalinqrad döyüşü iştirakçılarının – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayevin adları müharibənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaqdır".

Əli Həsənov bildirmişdir ki, Volqoqradda yaşayan azərbaycanlıların indiki nəsli də xalqlarımızın çoxəsrlik ənənələrini layiqincə davam etdirir. Volqoqradın Azərbaycan diasporu arasında çox nüfuzlu insanlar vardır. Onlar vilayətin ictimai-siyasi həyatına fəal iştirak edirlər.

Rusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şöbəsi dostluq parkının yenidən qurulmasında bilavasitə iştirak edir. Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulamışdır: "Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilmişdir. Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinin, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qonaqpərvərliyə görə Volqoqrad tərəfinə minnətdarlığını bildirərək demişdir ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, həm də Rusiyada yaşayan və işləyən bütün azərbaycanlılar üçün bayramdır.

yap.org.az

Digər xəbərlər