Bu səbəbdəndir ki, hər il Azərbaycanda keçirilən neft-qaz sərgilərinin iştirakçılarının sayı artıq və əməkdaşlıq platformasının sərhədləri genişlənir
Öz zəngin neft və qaz ehtiyatları ilə dünya dövlətlərinin enerji təminatında mühüm yer tutan Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı hər il artmaqdadır. Artıq bütün dünya birmənalı şəkildə etiraf edir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycan bu prosesdə başlıca rol oynayan regionunun flaqmanıdır. Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə olmasaydı və respublikamızın 19 il əvvəl əsasını qoyduğu enerji siyasəti reallaşmasaydı, hazırkı neft və qaz layihələri həyata keçməyəcəkdi, eləcə də, Avro-Asiya neft nəqli dəhlizi sisteminin yaradılması bu qədər gerçəyə çevrilməyəcəkdi.
Azərbaycan on doqquz il əvvəl Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrini, digər layihələri həyata keçirməklə, geniş əməkdaşlıq məkanının əsasını qoyub və bu strategiya daha da möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub.
Bütün istehlakçı ölkələr birmənalı şəkildə bəyan edirlər ki, onların yanacaq təminatını uzunmüddətli və etibarlı şəkildə təmin edəcək layihələrin mərkəzi nöqtəsi Azərbaycandır. Aİ ölkələri karbohidrogen resurslarının təminatının yeganə mənbəyi kimi Xəzər dənizini, xüsusilə, də ölkəmizi görürlər. Bunun da ciddi səbəbləri mövcuddur. Bu gün enerji istehlakçıları yanacağın nəqlində real bazar münasibətlərinə uyğun addımlar atan, iqtisadi resurslardan hansısa siyasi məqsədlər üçün istifadə etməyən, tərəfdaşlıqda dərin inam və etibar qazanmış təchizatçı ölkələrlə əməkdaşlığa üstünlük verirlər.
2008-ci və 2009-cu illərdə Avropada yaşanan enerji böhranı bu arqumentləri əsaslı şəkildə təsdiqləmiş oldu. Həmin vaxt Rusiya ilə Avropa İttifaqı arasında qaz münaqişəsinin gərginləşməsi Avropa dövlətlərinin enerji tədarükündə ciddi problemlər yaratdığından Aİ ölkələri Rusiyaya məxsus nəql marşrutlarının etibarlılığına inamlarını itirdilər. Çünki bu tendensiya birinci dəfə təkrar olunmurdu və Avropa ölkələri Kremlin, demək olar ki, hər il təsadüf olunan "qaz spekulyasiyalarına" məruz qalıblar. Mövcud situasiya Rusiyanın öz tərəfdaşları ilə enerji əməkdaşlığında səmimi olmadığını qəti şəkildə ortaya qoyub.
Ona görə də, Avropa İttifaqı ölkələri Rusiya ilə növbəti yanacaq böhranının meydana çıxmayacağına əmin deyil, buna heç inamı da yoxdur. İstənilən vaxt Moskvanın siyasi və iqtisadi təzyiq vasitəsi kimi qaz amilindən istifadə edəcəyi şübhə doğurmur. Bir sözlə, Avropa ölkələri mövcud problemi birdəfəlik həll etmək üçün daha etibarlı və uzunömürlü yanacaq marşrutunun imkanlarından yararlanmaq istəyirlər. Bunun üçün əsas etibarlı marşrutlar sırasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri, AGRİ, Odessa-Brodı-Qdansk-Plotı, Cənub dəhlizi, TANAP marşrutları daha rentabelli və strateji enerji-kommunikasiya dəhlizləri hesab olunur.
Bu səbəbdəndir ki, hər il Azərbaycanda keçirilən neft-qaz sərgilərinin iştirakçılarının sayı artıq və əməkdaşlıq platformasının sərhədləri genişlənir. Belə ki, iyunun 4-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının işə başlaması da söylənilənləri isbatlayır. Ötən müddətdə sərgidə 70-dən çox ölkədən 5 min 600-dək şirkət iştirak edib. Sərgi beynəlxalq standartlara cavab verən Bakı Ekspo Mərkəzində keçirilməyə başlayandan yeni inkişaf mərhələsinə qədəm qoyub. XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində 28 ölkədən 386 şirkət iştirak edir. Tədbir Bakı Ekspo Mərkəzinin 3 pavilyonu ilə yanaşı, açıq meydançada da keçirilir. Ötən illə müqayisədə sərginin meydançasının sahəsi 22 faiz artıb. Bu tədbirdə ölkəmizin şirkətləri də ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə iştirakçıların 30 faizini yerli iqtisadi qurumlar təşkil edir. Əvvəlki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz çoxdur. Sərgi iştirakçılarından 20 faizi isə bu tədbirə ilk dəfə qatılıb. Tədbirin təşkilatçıları Böyük Britaniyanın "İTE Group Plc" şirkəti və onun tərəfdaşı "İteca Caspian" Məhdud Məsuliyyətli Cəmiyyəti, baş sponsoru isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir. Təşkilatçılar sərginin beynəlxalq səviyyədə də dolğun işıqlandırılması üçün hərtərəfli iş aparıblar. Sərgi və konfransın işgüzar proqramı genişdir, əməkdaşlığın daha da möhkəmləndirilməsinə hərtərəfli imkanlar açır.
Bu qədər xarici tərəfdaşın Azərbaycana gəlməsi və əməkdaşlıq münasibətlərini müzakirə etməsi də səbəbsiz deyil. Çünki, son illər dünya enerji bazarında baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışır. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. Ölkəmiz digər neft və qaz ixrac edən dövlətlərdən fərqli olaraq heç vaxt bu ehtiyatlar vasitəsilə kiməsə siyasi təzyiq üsulu kimi istifadə etməyib və bu niyyətdə deyil. Azərbaycan tərəfdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsipləri üzrə əlaqələrə üstünlük verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz bütün tərəfdaşları ilə qarşılıqlı maraqlara xidmət edən siyasət yürüdür: "Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Dünyada və bölgədə bizim qazımıza tələbat artır və biz müxtəlif ölkələrlə bu münasibətləri sadəcə olaraq qarşılıqlı maraqlar əsasında həll etməliyik. Bir daha demək istəyirəm ki, enerji siyasətimiz bundan sonra da Azərbaycanın milli maraqlarına, iqtisadi və siyasi maraqlarına xidmət edəcəkdir. Biz bu gün iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Biz müstəqil siyasi xətt aparırıq - istər daxili, istər xarici siyasətdə, istər enerji diplomatiyasında - bütün istiqamətlərdə. Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizim xarici siyasətimiz tam şəkildə müstəqildir".
Ona görə də, xarici dövlətlərin nümayəndələri ifadələrində ilk olaraq, Azərbaycanın etibarlılığından söz açıqlar. Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri deyib ki, Böyük Britaniya ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq imkanları mövcuddur.
Çarlz Hendri bildirib ki, bu il Böyük Britaniya hökuməti üçün çox vacib ildir. Çünki cari il Azərbaycan qazının Avropaya çatdırılacağı ilə bağlı əhəmiyyətli bir qərar qəbul ediləcək. Ölkələrimiz arasındakı mövcud əlaqələr bundan sonra da dərinləşdiriləcək. Azərbaycanda ən böyük investor ölkələrdən biri olan Böyük Britaniya ikitərəfli əlaqələri bundan sonra da genişləndirmək niyyətindədir.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması haqqında ağız dolusu danışır. Biz sözlə, bu gün dünyanın ən aparıcı dövlətlətinin nümayəndələri Azərbaycnın əhəmiyyətini yüksək dəyərləndirir.
Hazırda dünya enerji bazarında aparıcı yer tutan Azərbaycanın qarşıdakı yaxın illərdə hasilatı 20-30 faiz artırması üçün potensial enerji mənbələri mövcuddur. ölkəmizin illik neft hasilatı 50 milyon tondan çoxdur. Qaz hasilatı isə 25 milyard kubmetrə yaxındır. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana və digər ölkələrə nəql olunur. Bu real göstəricilər Azərbaycanın zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrildiyini şərtləndirir.
Qarşıdakı illərdə Azərbaycan qazı Qərbi, Şərqi və Mərkəzi Avropa dövlətləri ilə yanaşı, uzaq Asiya, Yaxın Şərq və Mərkəzi Asiya regionu dövlətlərinə ixrac olunacaq. Respublikamız qazla yanaşı, neftin yeni ixrac kəmərlərinin yaradılmasını da əsas hədəflərdən sayır. Artıq ölkəmiz Yaxın Şərq, Qərbi Afrika, Uzaq Asiyanın bir çox dövlətlərində neft terminalları yaratmağa başlayıb. Yanacaq tankerlərlə həmin terminallara çatdırıldıqdan sonra strateji nəql marşrutlarına vurulacaq və beləliklə, bölgədə bir çox dövlətlərin ehtiyaclarını ödəyəcək. Bu cür marşrutlardan ən sərfəlisi və rentabellisi Aralıq-Qırmızı dəniz akvatoriyasındakı çoxşaxəli nəql infrastrukturu hesab olunur. Həmin marşrut birbaşa Misir və digər qonşu dövlətləri əhatə edir.
Azərbaycan hökuməti ilə Misir arasında əldə olunmuş razılığa əsasən, ölkəmizə məxsus yanacaq ehtiyatları Aralıq dənizi vasitəsilə bu ölkəyə çatdırılacaq. Yəni, Bakı-Tbilisi-Ceyhan kəmərinin perspektivdə nəql gücünün artırılması və bu kəmərin digər ixrac marşrutları ilə birləşdirilməsi hazırda ən real layihədir.
Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamız diversifikasiya siyasəti yürüdərək bölgənin geocoğrafi xəritəsini dəyişir, dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100, 200 il dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.
Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracını çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər. Respublikamız bu addımı atmaqla yanacaq bazarındakı ədalətli qiymət siyasətini, azad rəqabət imkanlarını təmin etmiş olur.
yap.org.az