PDF Oxu

Siyasət

  • 5

Müqavimət göstərən "Taksim Gəzinti Parkı"

Müqavimət göstərən "Taksim Gəzinti Parkı"

Məlum olduğu kimi, 25 may tarixindən etibarən İstanbulun məşhur "Taksim Gəzinti Parkı"nda aparılacaq təmir işlərinə qarşı etirazlar başladı. Artıq altı aydan çoxdur ki, Taksim meydanı və ətrafının piyadalar üçün əlverişli məkana çevrilməsi məqsədilə bələdiyyə tərəfindən təmir-bərpa işləri davam etdirilir. İstanbul Böyük Şəhər Bələdiyyə başçısının verdiyi məlumata görə müxalifət partiyasının bələdiyyə məclisində də dəstək verdiyi bu layihə gəzinti parkının sökülmə məlumatı ətrafında yenidən alovlandı. Bir neçə günün içərisində bu etirazlar daha da artdı. Belə ki, bəzi vətəndaşlar və qruplar bu parkda oturaq etiraz aksiyası keçirərək, "Taksim Gəzinti Parkı"ndakı ağaçların kəsilməsinə və burada ticarət mərkəzinin tikilməsinə qarşı olduqlarını bildirdilər. Ancaq bəzi radikal və müxalif qrupların bu etirazçıların arasında iştirak etmələri etiraz dalğasının mahiyyətini dəyişdi.

"Taksim Gəzinti Parkı"nda meydana gələn etiraz dalğasının istismar edilərək genişlənməsinin səbəblərini anlamaq üçün bəzi məqamlara diqqət yetirmək vacibdir. Qısaca olaraq onu qeyd etməliyəm ki, Türkiyədəki demokratikləşmə prosesində siyasi təbəqələrin və görüşlərin funksional rolu olduqca böyükdür. Demək olar ki, Türkiyədə demokratiya inkişaf etməkdədir. Bu mənada, artıq on ildir ki, ölkəni qanuni seçkilərdə qələbə qazanmış Ədalət və İnkişaf Partiyası idarə edir. Əlbəttə ki, bu idarəetməyə qarşı çıxanlar və müxalifətdə yer alanlar da mövcuddur. Ancaq görünən budur ki, hal-hazırda da güclü elektoratı olan Ədalət və İnkişaf Partiyasını seçkilərdə məğlub edə bilməyəcəklərini düşünən radikal və anarxist sol qruplar gəzinti parkının sökülməməsinə dair vətəndaşların səmimi etirazlarını provokativ yollarla başqa istiqamətə yönləndirməyə çalışırlar. Ana müxalifət partiyası da öz növbəsində etirazçılara böyük dəstək verməkdədir. Ancaq qeyd etməliyəm ki, ifrat və anarxist sol qruplar eyni zamanda Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Qılıcdaroğlunu da bəyənmir və onun yerinə daha radikal bir şəxsi gətirmək istəyirlər. Nəticədə, son dövrlərdə ictimaiyyət arasında "sağ görüşün" nüfuzunun artması da bu kontekstdə təsiredici faktorlardandır.

Digər bir məlumata görə Taksimdə yerləşən bu gəzinti parkı köhnə erməni qəbiristanlığıdır. Məhz bu etiraz dalqğasının bu qədər şişirdilməsi və başqa istiqamətə yönləndirilməsində gizli ermənilərin və erməni tərəfdarlarının provakativ səyləri də rol oynayır. Belə ki, Türkiyədə, xüsusilə İstanbulda Taksim ətrafında yaşayan ermənilərin və erməni tərəfdarlarının çoxluğunu nəzərə alsaq, bu fikrin böyük ehtimalla doğru olduğunu düşünə bilərik.

Gərginliyin arxa planı

Ümumiyyətlə, "Taksim Gəzinti Parkı" ətrafında yaranan etiraz dalğası özündə bir çox mətləbləri ehtiva edir. Belə ki, həm daxili, həm də xarici qüvvələrin dəstəyi ilə Ədalət və İnkişaf Partiyasına qarşı aparılan qaralama kampaniyasının da bu etirazlara böyük təsiri oldu. Son dövrlərdə hökumətin qapalı məkanlarda siqaret çəkmə qadağasını gücləndirməsi, spirtli içkilərin içilməsinə qoyulan məhdudiyyətlər və s. tədbirlər vətəndaşlarda "İran kimi oluruq" təhlükəli ictimai sindromun yaranmasına səbəb oldu.

Bu məqamda qeyd etməliyəm ki, son beş ildir aktiv olaraq Türkiyədə gündəlik siyasəti birbaşa baş nazir Rəcəb Tayyib Ərdoğanın açıqlamaları müəyyən edir. Bu mənada, Türkiyədə prezidentlik qurumunun yenidən təşkil olunması, yəni prezidenti seçmə hüququnun parlamentə deyil, xalqa verilməsi, yeni konstitusiyanın qəbul olunması ətrafında gedən qızğın müzakirə və mübahisələr, hökumətin təklifi ilə "aqil insanlar" heyətinin yaradılaraq, Türkiyədəki sözdə türk-kürd probleminin həll olunması üçün ictimai uzlaşmanın təşkil edilməsi təşəbbüsləri də buraya daxildir. Əlbəttə ki, buraya Türkiyənin xarici siyasətdə, xüsusilə "Ərəb Baharı" və "Suriya məsələsi"ndə özü üçün müəyyən etdiyi siyasi mövqeyi də əlavə etmək lazımdır. Bu mənada, bəzi beynəlxalq mətbuat orqanları metaforik olaraq, Taksimdəki bu etiraz dalğasını "Türk Baharı" adlandırmağa başladılar.

Nəticədə, müşahidə etdiklərimiz əsasında deyə bilərik ki, "Taksim Gəzinti Parkı" ətrafında səmimi vətandaşların etiraz dalğası bir neçə ifrat və anarxist sol qruplar tərəfindən istismar edilərək, neqativ istiqamətə çəkilməyə çalışılır. Əlbəttə ki, burada türk polisinin daha çox yersiz şəkildə bibər qazı və su təzyiqindən istifadə etməsi də qəbuledilməzdir. Dövlət rəsmilərinin aşıqlamalarına görə, gəzinti parkındakı ağacların kəsilməsi və burada alış-veriş mərkəzinin tikilməsinə dair məlumatlar həqiqəti əks etdirmir. Ümumiyyətlə isə "Taksim Gəzinti Parkı"ndakı etirazları əsas götürərək, hazırkı hökumətə qarşı sözdə "Türk Baharı"nın reallaşdırılması absurd bir fəaliyyətdir. Çünki Türkiyədə qüvvədə olan demokratik sistemə müvafiq olaraq, səsvermə hüququna malik olanların minimal 70%-ni öz seçimlərini demokratik şəkildə keçirilən seçkilərdə müəyyən edirlər.

Rəşad İlyasov

Digər xəbərlər