Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Mir Həmzə Əfəndiyev bu ölkənin Parlamentində Senatın sədri Fred de Qraaf ilə görüşmüşdür.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, M.Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri barədə Senatın sədrinə ətraflı məlumat vermiş, parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir.
Diplomat, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, həmçinin Senatının keçmiş sədri Rene van der Lindenin Bakıya çoxsaylı səfərlərini xatırlatmış, qanunverici orqanlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Fred de Qraaf öz növbəsində Senatın funksiyaları və fəaliyyət istiqamətlərindən danışmış, ikitərəfli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə etmiş, gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Senatın sədri Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyət barədə söz açmış, Azərbaycanın mühüm strateji əhəmiyyətə malik olan mövqeyini xüsusi qeyd etmiş, qlobal maliyyə böhranının ölkəmizə təsiri, həmçinin iqtisadi siyasətin prioritetləri ilə maraqlanmışdır.
M.Əfəndiyev Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın çox mürəkkəb geosiyasi məkanda yerləşdiyini, buna baxmayaraq rəsmi Bakının balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini, işğalçı Ermənistandan başqa bütün digər qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə olduğunu, heç bir hərbi-siyasi bloka qoşulmadığını diqqətə çatdırmışdır.
Səfir demişdir ki, dünya iqtisadi böhranı ümumilikdə enerji daşıyıcılarının qiymətlərinə təsir etsə də, başqa ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməmiş, dövlətimizin inkişaf sürətində ləngimələr olmamışdır.
Ölkəmizdəki siyasi stabillik, iqtisadi inkişaf, irimiqyaslı yenidənqurma işləri – "Yeni Bakı Beynəlxalq Dəniz Limanı", "Ağ Şəhər" layihələrindən söz açan səfir Niderland şirkətlərinin sözügedən layihələrdə iştirakı barədə məlumat verərək demişdir ki, inkişaf etməkdə olan ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, cari ilin payızında Bakıda Azərbaycanın və Niderlandın biznes dairələrinin iştirakı ilə növbəti biznes forumun keçirilməsi planlaşdırılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTAc