İyunun 10-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ankarada keçiləcək IV Plenar Sessiyası çərçivəsində quruma üzv ölkələrin parlament rəhbərlərinin toplantısı olacaqdır.
TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, toplantıda Türkiyə Böyük Millət Məclisinin baş katibi İrfan Neziroğlu, Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Qazaxıstan Parlament Məclisinin Aparat rəhbəri Usen Jetenov, Qırğızıstan Joqorku Keneşinin Aparat rəhbəri Radbek Yeşmambetov və TürkPA-nın baş katibi Ramil Həsənov iştirak edəcəklər. Aparat rəhbərlərinin görüşündə baş katib Ramil Həsənov TürkPA-nın fəaliyyəti ilə bağlı ətraflı çıxış edəcəkdir.
Toplantıda üzv ölkələrin parlamentlərinə dair qısa təqdimatlar keçiriləcək və üzv parlamentlər arasında əməkdaşlıq imkanları müzakirə ediləcəkdir. Eyni zamanda, TürkPA-ya üzv ölkələrin parlamentlərinin fəaliyyətləri ilə bağlı məsələlərə dair seminar və konqreslərin təşkil olunması, TürkPA-ya üzv parlamentlərinin inzibati təşkilatları arasında informasiya və təcrübə mübadiləsi mexanizmlərinin yaradılması, tərəflərin parlamentlərinin inzibati bölmələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması haqqında müzakirələrin aparılması nəzərdə tutulur.
Həmçinin toplantıda assambleya şurasının gündəliyinə çıxarılacaq bəzi məsələlər barəsində də fikir mübadiləsi aparılacaqdır.
AzərTAc