PDF Oxu

Siyasət

  • 11

Braziliyadakı səfirliyimiz tərəfindən təşkil olunmuş qəbulda “İRS” jurnalının portuqal dilində ilk nəşri təqdim edilmişdir

Braziliyadakı səfirliyimiz tərəfindən təşkil olunmuş qəbulda “İRS” jurnalının portuqal dilində ilk nəşri təqdim edilmişdir

Azərbaycanın Braziliyadakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi və Respublika Günü münasibətilə qəbul təşkil edilmişdir.

Qəbulda Braziliyanın yüksək vəzifəli rəsmiləri, Milli Konqresin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və akademik dairələrin təmsilçiləri iştirak etmişlər.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə çıxış edən səfir Elnur Sultanov Respublika Gününün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən danışmış, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmışdır. Diplomat daha sonra diqqəti Azərbaycanın müxtəlif sahələrdə nail olduğu uğurlara, dövlətimizin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətə yönəltmişdir. Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin tamam olduğunu qeyd edən səfir E.Sultanov ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildirmişdir.

Sonra qonaqlara ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən, habelə Azərbaycan-Braziliya mədəni əlaqələrindən bəhs edən "İRS" jurnalının portuqal dilində çap olunmuş ilk nəşri təqdim edilmişdir.

Braziliyanın xarici işlər nazirinin müavini səfir Hadil Roşa da Viana çıxış edərək Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmış, iki ölkə arasında əlaqələrin inkişaf etməsinin əhəmiyyətindən danışmışdır. Bu ilin mayında Bakıda olduğunu xatırladan H.Viana ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafına, xüsusilə paytaxtımızın möhtəşəmliyinə heyran qaldığını bildirmişdir. O, gələcəkdə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulamışdır.

Tədbirin sonunda braziliyalı musiqiçilərdən ibarət "Karvansaray" qrupunun ifasında Azərbaycan və Braziliya musiqi nümunələri təqdim olunmuşdur.

Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz təamları təklif edilmişdir.

AzərTAc

Digər xəbərlər