"Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin bu addımından xalq yalnız xeyir görəcək. Taleyüklü bir məqamda bu seçimlə Azərbaycan xalqının gələcəyi həll olunub". SİA-ya açıqlamasında millət vəkili Gövhər Baxşəliyeva belə deyib.
O bildirib ki, son 10 ildə ölkədə bütün sahələrdə önəmli dəyişikliklər baş verib: "Dövlət başçısı bu günə qədər böyük əzmlə xalqın bütün problemlərini həll etməyə çalışıb. Ölkə iqtisadiyyatı, xarici siyasəti, hüquqi islahatlar və bir sıra digər sahələrdə ciddi irəliləyişlər əldə olunub. Hər kəs ağıl və təmkinlə düşünüb Prezident İlham Əliyevə səs verməlidir. Çünki məhz bu tarixi an bizdən tələb edir ki, yekdilliklə dövlət başçısının ətrafında birləşək və onun yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsinə dəstək verək".
Millət vəkili regionda və dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycanın inkişaf etdiyini, uğurlu siyasət yürütdüyünü vurğulayıb: "Dünyanın əksər ölkələri iqtisadi böhran keçirdiyi halda, şərq ölkələrində öz maraqlarını əks etdirməyən hadisələr baş verir. Azərbaycan müharibə şəraitində yaşasa da, tam müstəqil şəkildə uğurlu siyasət yürüdərək inkişaf edir. Bütün bu sadalananları, 20% torpaqlarımızın geri qaytarılması uğrunda cənab prezident İlham Əliyevin göstərdiyi fəaliyyəti və onun beynəlxalq aləmdə nümayiş etdirdiyi mətin və mübariz mövqeyini nəzərə alaraq, prezidentimizə dəstək olmalıyıq. Azərbaycan xalqının köklü maraqları və mənafeyi bunu tələb edir".
sia.az