Iyunun 10-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Əfqanıstanın hökumət nümayəndələrini Bakıda görməkdən məmnun olduğunu bildirən Z.Əsgərov Azərbaycanın bu dost ölkəyə ictimai-siyasi sabitliyi bərpa etmək işində hər zaman kömək göstərdiyini və bundan sonra da yardımını əsirgəməyəcəyini qeyd etmişdir.
Məlumat verilmişdir ki, Azərbaycan hərbçiləri NATO qüvvələri tərkibində Əfqanıstanda anti-terror əməliyyatlarında fəal iştirak edirlər. Azərbaycanın öz süni peykini orbitə çıxarması informasiya texnologiyaları sahəsində də Əfqanıstana hər cür yardım göstərməyə imkan yaradır.
Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara ətraflı bilgi verən Milli Məclisin sədr müavini Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması ucbatından münaqişənin hələ də həllini tapmadığını vurğulamış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdığına və beynəlxalq təşkilatlar çərçivəsində rəsmi Bakının mövqeyini dəstəklədiyinə görə Əfqanıstan hökumətinə təşəkkürünü bildirmişdir.
Əmirzai Sangin səmimi görüşə görə minnətdarlıq edərək demişdir ki, Əfqanıstanda dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Ölkədə prezident seçkiləri keçirilmiş, parlament formalaşdırılmış, polis və silahlı qüvvələr yaradılmışdır. Bütün bunlara baxmayaraq, bir sıra problemlər qalmaqdadır və Əfqanıstan öz dostlarının köməyi ilə onları həll etməyə çalışır.
Dost və qardaş köməyinə görə təşəkkürünü bildirən nazir Əfqanıstanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirəcəyini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onun haqlı mövqeyini daim dəstəkləyəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc