Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsil müstəqilliyinin təməli qoyuldu
Azərbaycan tarixində elə məqamlar olubdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunubdur. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən Azərbaycana ikinci dəfə ali hakimiyyətə TARİXİ QAYIDIŞI oldu.
O dövrə qısa baxış
1993-cü ildə ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı Ulu Öndər Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün Ümummilli Liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.
Tarixi şəxsiyyət
Müasir tariximizin bir qərinəlik dövrü Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Tarixi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə bəyan etmişdir: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi.
Böyük xilaskarlıq missiyası
1993-cü il iyun ayının 9-da Ümummilli Lider Bakıya gəldi. Dahi Öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir xilaskarın gəlişi idi. Bu, ən ümidsiz məqamda təbibin xəstəni müalicə etmək üçün gəlməsinə bənzəyirdi. Ümummilli Lider gəlişinin məqsəd və məramını aydın olaraq belə ifadə etmişdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".
1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev bu tarixi məqamda bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: "Mən rica edirəm, kiçik hissiyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam". Bu, adi müraciət deyildi, zəngin tarixi və dövlətçilik ənənələri olan, böyük sərkərdələr və dövlət xadimləri yetirmiş qədim bir xalqın ona olan ümidlərini hiss edən bir liderin xalq etimadını doğrultmağın məsuliyyətini dərindən dərk etməsinin aydın ifadəsi idi. Bu, bir siyasətçinin, böyük vətənpərvərin Vətənin ən ağır günlərində milli birliyə, həmrəyliyə, ümumi düşmənlərə qarşı birgə mübarizəyə çağırışı idi. Bu, hər bir kəsə yalnız dövlətin və xalqın mənafeyinə xidmət etmək borcu barədə qəti xəbərdarlıq idi. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə milli qurtuluş kimi daxil odu. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması və əbədiliyə çevrilməsi, dönüş və yüksəlişin təməlinin qoyulması demək idi. Hər bir Azərbaycan vətəndaşı üçün tamamilə şübhəsizdir ki, Azərbaycanda müstəqil, milli-demokratik dövlət quruculuğu 1993-cü il iyun ayının 15-dən başlandı, məhz həmin gündən sonralar milli ideyaya çevriləcək azərbaycançılıq ideyasının əsası qoyuldu, yalnız xalqın mənafeyinə əsaslanan və ona xidmət edən ağıllı, uzaqgörən daxili və xarici siyasət kursu qəbul edildi. Ümummilli Liderimiz öz siyasi kursunu, hakimiyyətə qayıdışının məqsəd və məramını aydın və qətiyyətlə ifadə etdi: "...Mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. ...Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq".
Dövlət quruculuğunun ilk illərində - 1994-cü ilin sentyabr və 1995-ci ilin mart aylarında Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısı da məhz Ümummilli Liderin xalq ilə birliyi, ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sayəsində mümkün oldu. Daxildə insan və vətəndaş hüquq və azadlıqlarına, xalqın və dövlətin mənafeyinə xidmət edən, əsil vətəndaş cəmiyyəti, hüquqi dünyəvi dövlət qurmağa yönələn ardıcıl siyasi xətt yeridilməyə başlandı. Azərbaycan xalqının "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi-dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək" kimi ülvi niyyətlərini bütün dünyaya bəyan edərək, müstəqil Azərbaycan Respublikası özünün ilk Konstitusiyasını 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul etdi. Qətiyyətli və ardıcıl şəkildə Azərbaycanın Avropaya inteqrasiyasının həyata keçirilməsi ölkəmizi dünya dövlətləri sırasına çıxardı. Azərbaycan Respublikası Avropa Şurasının tam hüquqlu üzvü oldu. Artıq dünya birliyi Azərbaycan Respublikasını tez-tez dövlət çevrilişləri baş verən, başıpozuq bir dövlət deyil, özünün müstəqil, balanslaşdırılmış daxili və xarici siyasəti olan, başqa dövlətlərin hüquq və mənafeyinə, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan və özünə də hörmətlə yanaşılmasını tələb edən, cinayətkarlığa qarşı beynəlxalq mübarizədə yaxından iştirak edən demokratik və sivil bir dövlət kimi qəbul etmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
ZƏHRA QULİYEVA, YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, rayon təşkilatı ağbirçəklər şurasının sədri