15 iyun - Milli Qurtuluş Günü münasibətilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq ali və orta təhsil müəssisələrinin kollektivləri hər gün Heydər Əliyev muzeyini ziyarət edir, idarə, müəssisə və təşkilatlarda "dəyirmi masa"lar və digər tədbirlər keçirilir.
Mingəçevir Turizm Kollecində "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır", mərkəzi şəhər kitabxanasında "Heydər Əliyev və Azərbaycanda milli qurtuluş hərəkatı" mövzularında tədbirlər keçirilmişdir. Həmçinin Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında və Mingəçevir Politexnik İnstitutunda da tədbirlər keçirilmişdir.
Qarşıdakı günlərdə şəhər icra hakimiyyətində elmi-nəzəri konfransın keçirilməsi, Yeni Azərbaycan Partiyası şəhər təşkilatında "Heydər Əliyev siyasi xəttinin ardıcılları" diskussiya klubu üzvlərinin görüşü nəzərdə tutulmuşdur.
Hazırda bu əlamətdar gün ilə əlaqədar futbol üzrə şəhər birinciliyi keçirilir.
İyunun 15-də şəhər ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edəcək, Ümummilli Liderin adını daşıyan meydanında bayram konserti təşkil olunacaqdır.
AzərTAc