Bu gün Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən 15 İyun "Milli Qurtuluş Günü"nün 20 illiyinə həsr edilmiş "Qurtuluşdan İpək Yoluna" adlı ağacəkmə aksiyasına start verilib. Bu aksiya İpək Yolu üzərində yerləşən 11 rayon və şəhəri əhatə edir.
Aksiyada Bakıdan Qazaxa doğru İpək Yolu üzərində yerləşən rayonlarda yaşıl ağaclar əkilir. YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, həyata keçirilən bu layihənin əsas məqsədi 1993-2013-cü illər ərzində həm Ümummilli lider Heydər Əliyev siyasətinin, həm də bu siyasi kursu davam etdirən Prezident İlham Əliyevin uğurlarını İpək Yolu boyu gündən günə gözəlləşən və inkişaf edən Azərbaycan rayonlarının simasında bütövlükdə cəmiyyətə çatdırmaqdır.
İlk olaraq, aksiya iştirakçıları Hacıqabul rayonun ərazisində bu işə başlayıblar. Burada YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyi üzvlərinin iştirakı ilə 200-ə yaxın ağac əkilib.
Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən ağacəkmə kampaniyası həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına dəstə kimi nəzərdə tutulub.
Ümumilikdə, aksiya çərçivəsində hər dayanacaq üzrə 100-dən artıq ağacın əkilməsi nəzərdə tutulur.
yap.org.az