Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iyul ayında Azərbaycana səfəri planlaşdırılan Madrid Klubunun katibliyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bir sıra görüşlər keçirəcəkdir.
Komitədən AzərTAc-a bildirmişlər ki, səfərin əsas məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun mayın 6-dan 8-dək Bakıda keçirdikləri birinci Cənubi Qafqaz Forumunun nəticələrini və gələcək fəaliyyət proqramını müzakirə etməkdir. Beynəlxalq əhəmiyyətli bir sıra layihələrdə birgə fəaliyyətin və iş birliyinin səmərəsini artırmağa dair müzakirələrin aparılması məqsədi ilə Beynəlxalq Mərkəzin Qəyyumlar Şurasının bir sıra üzvlərinin də gələn ay Bakıya səfəri planlaşdırılır.
Qonaqların Diasporla İş üzrə Dövlət Komitəsində görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Cənubi Qafqaz Forumunun işində dünyanın 50-dən çox ölkəsindən 40-a yaxın sabiq dövlət və hökumət rəhbərləri iştirak etmişlər. Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Forum çərçivəsində üçillik birgə əməkdaşlığa dair memorandum imzalamışdır.
AzərTAc