Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidze Azərbaycana səfəri çərçivəsində iyunun 11-də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Fondun direktoru Fərhad Təhməzov qonaqlara qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyi və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu gün Azərbaycanda məcburi köçkünlər üçün 78 şəhər tipli qəsəbə salınmışdır. Bu qəsəbələrdə 150 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Qonağın diqqətinə çatdırılmışdır ki, Bakının yaxınlığında, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən ərazidə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə şəhərcik salınacaqdır. Ayrılmış müvafiq ərazidə salınacaq yaşayış kompleksinə 100 min nəfər qaçqın və məcburi köçkünün köçürülməsi nəzərdə tutulmuşdur. Burada yaşayış üçün zəruri bütün infrastruktur yaradılacaqdır.
David Daraxvelidze Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etmiş, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşadıqları məntəqələrdə insanlarla söhbətlərindən aldığı təəssüratları bölüşmüşdür. Bildirmişdir ki, Gürcüstanda da məcburi köçkünlər problemi mövcuddur və dövlət bu məsələnin həllinə çalışır.
AzərTAc