Bu gün "Səs" qəzetində Ümummilli Lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışına həsr olunan "Milli Qurtuluşa gedən yol" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, millət vəkili Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və media nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 15 iyun Qurtuluş gününün xalqımızın tarixində dönüş nöqtəsi olduğunu qeyd edib: "15 iyun tarixi xalqımızın taleyində dönüş anıdır. 1993-cü ilin məhz həmin günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilib. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfü deyil".
Çıxış edən millət vəkili, YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib ki, 1990-cı ildə məlum səbəblərə görə Ulu Öndər Heydər Əliyev Moskvadan öz vətəninə, Naxçıvana qayıtdıqdan sonar əhali ümummilli lideri çox yüksək səviyyədə qarşılayıb: "1990-cı ilin payızında Azərbaycanın Ali Sovetinə və Naxçıvanın MSSR Ali Sovetinə keçirilən seçkilərdə Ümumimilli lider hər iki yerə deputat seçildi. İlk sessiyaya ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. İlk dəfə Naxçıvanda 1990-cı ilin 17 noyabrnda Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağını qaldırdı. Eyni zamanda bir çox qərarlar qəbul olundu. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin apardığı düşünülmüş siyasət idi. Ancaq o zaman hakimiyyətdə olan qüvvələr bu dahi siyasəti anlamırdılar. O dövrdə Naxçıvan Ali Məclisinə deputat seçilən şəxslər Ulu Öndər Heydər Əliyevi müdafiə edirdilər. Biz hər birimiz Ümummilli Liderin alternativi olmadığını bilirdik".
YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov isə bildirib ki, qurtuluşa gedən yol 1990-cı ilin yanvarın 21-dən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək o vaxtki rəhbərliyi tənqid etməsindən başlayır: "Ulu Öndər bu addımı ilə siyasi fəaliyyətinə yenidən başladı. Azərbaycan xalqı da sahibsiz olmadığını anladı. Həqiqətən də belə idi. Xalqımızın uğrunda canından keçəcək lideri vardı. Ulu Öndərin Moskvadakı çıxışı Azərbaycan xalqının sarsılmış inamını geri qaytardı".
Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini de-yure elan edən Azərbaycan Respublikası dövlət qura bilmədi: "Ona görə ki, Moskvanın diktəsi ilə oturub-duran Ayaz Mütəllibov müstəqil siyasət yeritmək iqtidarında olan rəhbər deyildi. Ondan sonra hakimiyyətə gələn AXCP-Müsavat tandemi tam səriştəsiz, savadsız, siyasi və ümumi mədəniyyəti, dövlət idarəçiliyindən anlayışı olmayan insanlar idi. Onlar küçələrdən birbaşa kabinetlərə doluşan adamlar idilər. Həmin kreslolar onlara o qədər yad idi ki, oarda necə oturmaq lazım olduğunu bilmirdilər. Azərbaycan dövləti və xalqı 15 iyun 1993-cü il tarixində Ulu Öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu. Səriştəsizlikdən, hakimiyyətsizlikdən, siyasi ambisiyalardan qurtularaq, böyük cəsarətlə millətin bir millət kimi silinməsi təhlükəsinin üzərindən addımladıq".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışı zamanı vurğuladı ki, Azərbaycanın yaşaması, var olması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "O illərdə hakimiyyətdə olan yaramaz və yarıtmaz şəxslər hər vəchlə çalışırdılar ki, Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtmasın. Rəhim Qazıyevin Naxçıvandan ikinci cəbhə açmaq niyyəti də bu məkrli planın tərkib hissəsi idi. Həmin dövrdə hakimiyyətdə olanlar Azərbaycana qarşı xəyanət yolu tutdular. Məhz bu yaramaz insanlar Ümummilli Lider Heydər Əliyevə vaxtında imkan versəydilər, Azərbaycanın bugünkü problemləri olmazdı. Azərbaycana məxsus torpaqlar məhz həmin insanların şərəfsiz əməlləri nəticəsində itirildi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla bütövlükdə Azərbaycan dövlətinin qorunmasına nail oldu. Ulu Öndər bu qayıdışla Azərbaycan dövlətinin və xalqının mövcudluğunu təmin etmiş oldu".
Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan MDB məkanında ən zəif dövlət idi: "Çünki o dövrdə xalqın siyasi iradəsini təmsil edəcək siyasi lider yox idi. Xalq siyasi lider obrazı axtarırdı. Doğrusu, bu obraz xalqın beynində vardı, ancaq təəssüf ki, o dövrdəki qüvvələr bunu silməyə çalışırdılar. 1991-ci ildə hakimiyyət peşəkar mitinqçilərin əlində idi. Amma xalqın dövləti qurub, idarə edəcək liderə ehtiyac vardı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlət quruculuğu prosesi başlandı".
Daha sonra millət vəkili Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək o dövrdə baş verən siyasi proseslərdən danışıblar.
sia.az