PDF Oxu

Siyasət

  • 10

Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycan xanımı

Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycan xanımı

Peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə Mehriban xanım Əliyeva bir örnəkdir

Ulu Öndərin ideyalarının daşıyıcısı kimi fəaliyyəti ilə Azərbaycana töhfələrini verən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi olduqca əhatəli və şaxəlidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond yarandığı zamandan bu günə qədər görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib.

Mehriban xanım Əliyeva Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşdırır. Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələri bəhrəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir.

Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir. Qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətini genişləndirdi. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək, Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Fondun nümayəndəliklərinin dünya ölkələrində yaradılmasının dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli mövqeyə malik olmasını da qeyd etməliyik. Fondun Rusiya təmsilçisi Leyla xanım Əliyevanın həyata keçirdiyi bir sıra layihələr, xüsusilə, "Xocalıya ədalət" kampaniyası qeyri-millətlərə Azərbaycan həqiqətlərinin çatdırılmasında, onun təcavüzkar erməni siyasətinin qabardılmasında xüsusi rola malikdir. Fondun böyük mahiyyət daşıyan bu və ya digər addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.

Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq, köməyə ehtiyacı olan şəxslərə yardım edərək onların müalicəsinin təmin olunmasını təşkil edir. Belə ki, kimsəsiz və dəstəyə ehtiyacı olan insanlara ehtiramla yanaşır. Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara bir anadır. Valideyn himayəsindən məhrum olan uşaqların maddi-texniki bazasının yenidən qurulmasında gördüyü işləri xüsusi qeyd etməliyik. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub.

Bu gün Qarabağ probleminin tanıdılmasında təşkil etdiyi konfranslar, eləcə də, apardığı təbliğatlar nəticəsini verməkdədir. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, bu gün dünya adamı siyasi debatlardan yorulub. Dünya insanı mədəniyyət, humanizm, prinsipləri əsasında danışıqlara üstünlük verir. Mehriban xanımın uzaqgörənliyinin nəticəsidir ki, mədəniyyətlə, incəsənətlə Qarabağ problemlərinin tanıdılmasına nail olur.

Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə nüfuz sahibidir. Öz varlığı ilə məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını olaraq bütün fəaliyyəti ilə ölkəmiz haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsinə nail oldu. Azərbaycan haqqında, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı.

Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasında çıxışı ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olmuşdur.

Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə etmişdir. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti Mehriban xanımın fəaliyyətində özünü təsdiqlədi. Mövcud humanizm bu gün ölkəmizdə örnəkdir.

Yaradıcı düşüncəsi geniş layihələrin gerçəkləşməsinə gətirib çıxarıb. Beynəlxalq əhəmiyyət daşıyan layihələrlə mədəniyyətlərarası dialoqa nail oldu. Paytaxtımızda "Mədəniyyətlərarası dialoq" forumu keçirildi. Bu, Mehriban xanımın Şərq və Qərb dəyərlərini özündə cəmlənməsinə gətirib çıxardı. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi Mehriban Əliyevanın fəaliyyətində davam edir.

Onu da qeyd edim ki, Mehriban xanım Milli Məclisin deputatı kimi aministiya ilə bağlı müraciəti və azadlıqdan məhrum olunmuş çoxlu sayda insanların humanizm prinsiplərinə əsaslanaraq azadlığa buraxılmasına nail olub. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır. Gördüyü işlər böyük məsləkinin gerçəkləşməsidir. Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya böyük etimad göstərilir. Bu günlərdə Yeni Azərbaycan Partiyasının V Qurultayında Onun YAP-ın Sədr müavini vəzifəsinə irəli sürülməsi Mehriban Əliyevaya göstərilən daha bir etimaddır. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olundu. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi Onun Yeni Azərbaycan Partiyasının əsil nümayəndəsi kimi də fəaliyyətini örnək edəcəyinə əminlik yaradır.

Mehriban xanım Əliyeva daim qarşıya qoyduğu məqsədə doğru addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər