PDF Oxu

Siyasət

  • 25

Şurada ikinci maliyyə yardımı ilə bağlı məsələlər müzakirə edilmişdir

Şurada ikinci maliyyə yardımı ilə bağlı məsələlər müzakirə edilmişdir

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilmişdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, iclası açan qurumun sədri Azay Quliyev gündəliyi təqdim etmişdir.

Gündəlikdə Şuranın elan etdiyi ikinci maliyyə yardımı müsabiqəsinin birinci mərhələsinin yekunları, qurumun Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi, QHT-lər üçün elektron imza forması və cari məsələlər olmuşdur.

Şuranın sədri A.Quliyev ikinci maliyyə yardımı müsabiqəsi ilə bağlı QHT-lərin fərdi və koalisiya formasında təqdim etdikləri layihələrdə mövzu aktuallığının və təşkilatların ümumi potensialının qiymətləndirilməsi məsələlərinin maliyyələşdirmə şərtləri sırasında önə çəkiləcəyini qeyd etmişdir.

Gündəliyin birinci məsələsi ilə bağlı Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat vermişdir.

F.Qurbanov bildirmişdir ki, ikinci maliyyə yardımı müsabiqəsində 230 QHT-nin müraciəti qeydə alınmış və təklif edilən layihə mövzuları üzrə seleksiya işi həyata keçirilmişdir. F.Qurbanov növbəti mərhələdə QHT-lərdən layihə təkliflərinin, eləcə də hesabatlarının qəbul edilməsi üçün təşkilatlara Şura tərəfindən xüsusi kod verilməsini tənzimləyən ərizə formasını təqdim etmişdir.

Şuranın Əsasnaməsinə dəyişikliklərlə bağlı qeyd edilmişdir ki, qurumun fəaliyyəti və həyata keçirdiyi funksiyaların genişlənməsi ilə bağlı bu sənədə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Şura üzvləri Əsasnaməyə təklif edilən dəyişikliklərə münasibət bildirmişlər.

Cari məsələlər sırasında Şuranın və katibliyin fəaliyyətinə aid bir sıra təklif və qeydlər nəzərə alınmışdır.

Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

AzərTAc

Digər xəbərlər