"İyunun 18-də beynəlxalq təşkilatların Azərbaycana siyasi məhbuslarla bağlı verdiyi vaxt tamam olur". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili İqbal Ağazadə Milli Məclisin bugünkü iclasında deyib. O, həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı məsələyə də toxunub.
"İlqar Məmmədovun azad olunması ilə bağlı iş getməlidir. Mən də vaxtilə bununla bağlı məsələ qaldırmışam. Hesab edirəm ki, NİDA-çılar və həbsdə olan digər siyasi fəaliyyətinə görə tutulanlar azadlığa çıxarılmalıdır. Əks halda, bu, Azərbaycanın imicinə mənfi təsir edəcək" -deyə İ. Ağazadə vurğulayıb.
YAP icra katibinin müavini Siyavuş Novruzov müxalifətin prezident seçkilərinə qədər siyasi məhbusların azadlığa buraxılması tələblərinə etiraz edib. O bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur və həbs olunanlar barədə yalnız məhkəmə bitdikdən sonra danışmaq olar: "İki dələduzun tutulması Azərbaycanın imicinə nə təsir göstərə bilər?! Azərbaycanda siyasi məhbus yoxdur. Həbs olunanlar haqqında məhkəmə qərar verəcək".
Deputat bildirib ki, Avropa Məhkəməsində azərbaycanlılarla bağlı çıxarılan qərarlarda siyasi motivlər çox güclüdür: "Avropa İnsan Haqları Məhkəməsi niyə həkimin, qaçqının problemləri haqqında qərar çıxarmır"?
S. Novruzov müxalifətin son dövrlərdəki fəaliyyətinə toxunaraq qeyd edib ki, Azərbaycanda müxalifət qüvvələrinin əsas məqsədi seçkilərə kölgə salmaq cəhdidir. "Bütün bunlara baxmayaraq, müxalifətin namizədləri də partiyalara qoşularaq öz namizədliyini irəli sürməyə çalışırlar. Müxalifətin bəhanələri 16 oktyabrda başa çatacaq".
sia.az