Gəncənin ali təhsil müəssisələrində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə müxtəlif tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən tədbirdə çıxış edənlər müstəqilliyimizin ilk illərindəki ağır ictimai-siyasi vəziyyəti təhlil etmiş, belə bir dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə tarixində baş verən köklü dəyişikliklərdən danışmışlar. 15 iyunu milli qurtuluşumuzun dönüş nöqtəsi adlandıran natiqlər demişlər ki, ermənilərin hərbi təcavüzünə məruz qalan Azərbaycan həm də qardaş qırğınının başlanması ərəfəsində idi. Belə bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə siyasi rəhbərliyə gələrək bütün bu xaos və özbaşınalıqlara son qoydu.
Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə isə Milli Qurtuluş Gününün tarixi xronikasından danışılmış, bayram münasibətilə universitet tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilmişdir.
AzərTAc