Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Lefort Cənubi Qafqaz ölkələrinə səfəri barədə məlumat vermiş və keçirdiyi görüşləri yüksək qiymətləndirmişdir.
Avropa İttifaqının Cənubi Qafqaz regionunun inkişafında və sabitliyin qorunub saxlanılmasında maraqlı olduğunu vurğulayan F.Lefort demişdir ki, Aİ bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazırdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə qonağa məlumat verən E.Məmmədyarov bu problemin ədalətli həlli perspektivləri ilə bağlı fikirlərini də bölüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc