"Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu şəxslər peşəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq törətdiyi qanunsuz əməllərə görə məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, bir neçə dələduzun həbs edilməsi Azərbaycanda ictimai-siyasi proseslərə, seçki sisteminə ziyan vura bilməz.
"Bəzən iddia edirlər ki, həbs edilən şəxslər prezidentliyə namizəddir. Belə bir məsələ yoxdur. Onlar bu yolla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Amma bu cür cəhdlərin heç bir əsası yoxdur. Bütün məsələlərə hüquq müstəvisində yanaşılır. Əgər kimsə qanunu pozursa, cinayət törədirsə belə əməllərinə görə məsuliyyət daşımalıdırlar.
Digər tərəfdən, niyə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq onlara xidmət edən müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləməsi, namizədliyini verməsi hüququ var. Yeni Azərbaycan Partiyası bugünlərdə keçirdiyi növbəti qurultayında prezident seçkiləri ilə bağlı namizədini irəli sürdü. Amma digər partiyalar hələ məşvərət keçirirlər. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini vermək istəyirlər. Onlar seçkidə iştirak etmək yox, həmin seçkinin üzərinə kölgə salmağa çalışırlar. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Onlar Yeni Azərbaycan Partiyasının namizədinin qarşısında çox kiçikdirlər. Ona görə də, müxtəlif bəhanələrlə seçki prosesinə ziyan vurmaq istəyirlər. Amma bu bəhanələrin hamısı oktyabrın 16-da başa çatacaq"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
yap.org.az