Heydər Əliyevin qurucusu olduğu Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilmişdir
Bu gün Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında dünya şöhrətli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər bugünkü müstəqil dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla öz adını milli tariximizdə əbədi həkk etdirmişdir. Heç də təsadüfi deyil ki, ən yeni tariximizin Heydər Əliyev dövrü dünya siyasətçiləri tərəfindən Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Heydər Əliyevin müasir dövlətçilik konsepsiyası tarixi ənənələrə və bəşəri dəyərlərə əsaslanmaqla xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu ifadə edir. Bu nadir tarixi simanın yenilməz iradəsi, uzaqgörənliyi, tükənməz enerjisi onu xalqının sevimlisi etmiş, fədakarlığı dillər əzbəri olmuşdur.
Heydər Əliyev siyasi fəaliyyəti dövründə həmişə xalqının mənafeyini düşünmüş, bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər tariximizə tərəqqi illəri kimi daxil olmuşdur. Heydər Əliyev hələ o vaxt Azərbaycanı müstəqil ölkə kimi görürdü. Bu illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, bir sözlə, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz o dövrdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında əməli addımlar atıldı, məqsədyönlü siyasət sayəsində xalqın milli oyanışı üçün əlverişli şərait formalaşdı. Keçmiş ittifaq rəhbərliyində işlədiyi illərdə də bu uzaqgörən siyasətçi Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni əsirgəmirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra da o, həmişə Vətəni, xalqı ilə birlikdə olmuşdur. 1990-cı ilin qanlı yanvar hadisələrini kəskin tənqid edən Heydər Əliyev tezliklə Vətənə döndü. Çox tez bir zamanda o, respublika Ali Sovetinə və Naxçıvanın ali qanunvericilik orqanına deputat seçildi. Blokada şəraitində olan Naxçıvana çox çətin zamanda rəhbərlik etməyə başladı.
Heydər Əliyevin Sədrliyi ilə keçən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyası muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözlərini çıxartdı, qanunverici hakimiyyət orqanının adını dəyişərək, Ali Məclis adlandırdı. İlk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Heydər Əliyev Naxçıvanda dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin inkişafına, müdafiə və hərbi quruculuq məsələlərinə ciddi fikir verdi.
Lakin Heydər Əliyevin ölkədə günbəgün artan nüfuzundan təlaşa düşən Xalq Cəbhəsinin silahlı dəstələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda ilk dövlət çevrilişinə cəhd göstərirdilər. Məhz belə ağır günlərdə Heydər Əliyev özünün təcrübəli dövlət xadimi olduğunu bir daha sübut etdi. Beləliklə, siyasi hakimiyyət xalq tərəfindən birmənalı şəkildə dəstək aldı. Belə bir çətin şəraitdə o vaxtkı hadisələri, siyasi prosesləri diqqətlə izləyən və xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdilər. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Müstəqilliyimizin bərpasının ilk illərində o dövrkü iqtidar tərəfindən buraxılan kobud səhvlər ölkədə vəziyyəti gərginləşdirmişdi. Ümumiyyətlə, 1991-1993-cü illər müstəqillik tariximizə keşməkeşli, dövlətçiliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin baş verdiyi dövr kimi daxil oldu. Taleyin xalqımıza bəxş etdiyi imkanlardan düzgün istifadə edilməməsi nəticəsində müstəqil dövlətimiz yenidən süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. Hakimiyyət böhranı 1993-cü ilin əvvəllərində getdikcə daha kəskin xarakter alırdı. Həmin ilin iyununda Gəncədə qardaş qanı axıdıldı. Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi yaranmışdı. Belə bir mürəkkəb şəraitdə - iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Bu hadisə respublika həyatında keyfiyyətcə yeni dövrün başlanğıcı oldu. Bu qayıdış, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar ölkənin Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında qərar qəbul etdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün misilsiz əhəmiyyəti oldu. O, cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, bu qısa müddətdə qanunverici orqana siyasi mədəniyyət gətirdi, parlamentin ruhunu kökündən dəyişdi. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Heydər Əliyev prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxladı, yüksək səviyyəli prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəmirdi. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədəki xaos və anarxiya qısa zamanda aradan qaldırıldı. Separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlətçilik prinsipləri tədricən bərpa olundu. Milli ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu. Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Ölkəmizə investisiya axını başlandı. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə start verildi. İqtisadiyyatın dirçəldilməsi üçün konkret addımlar atıldı. Sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı, torpaq kəndliyə verildi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ölkənin böyük strateji uğuru oldu. Azərbaycan regionda lider dövlətə çevrildi və indi regiondakı bütün beynəlxalq layihələrdə uğurla iştirak edir.
Heydər Əliyev siyasətinin bütün sahələrə uğur qazandırması sırasında Azərbaycan səhiyyəsinin inkişaf amilləri də dayanmışdır. Belə ki, tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Daha dəqiq desək, Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Nəticədə bir daha vurğulaya bilərik ki, hazırda ölkəmizdə bütün sahələrdə aparılan siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu artırmaqdadır. Ümumiyyətlə, Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar həqiqətən, heyrətamizdir. Azərbaycan artıq xarici dövlətlərdən yardım alan ölkədən onların iqtisadiyyatına sərmayələr yatıran dövlətə çevrilmişdir. Ölkəmizin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidilir. Azərbaycan dünyanın ən mötəbər təşkilatına - BMT Təhlükəsizlik Şurasına sədrlik etmək imkanı qazandı! Ölkənin paytaxtı Bakı şəhəri nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. TürkPA-nın mənzil-qərargahı da məhz burada yerləşir. Bu yaxınlarda Avronest Parlament Assambleyasının ikinci sessiyasına ev sahibliyi etmiş Bakı möhtəşəm Avropa musiqi yarışması - "Eurovision" mahnı müsabiqəsini də yüksək səviyyədə keçirdi.
Heydər Əliyevin qurucusu olduğu Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilmişdir. Ümummilli Liderin əbədiyaşar ideyaları sönməz bir mayak kimi müstəqil Azərbaycanımızı yeni-yeni zirvələrə aparır. Qədirbilən xalqımız, bütün dünya azərbaycanlıları qəlbən inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qarşıdakı illərdə də yeni-yeni qürurverici zəfərlərə imza atacaq, bu illər ərzində qazandığımız nailiyyətlər gələcək nəsillərin daha firavan və xoşbəxt yaşamasına xidmət edəcəkdir.
SARA HƏSƏNOVA,
Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, YAP üzvü