"Müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında misilsiz zəhməti olan Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ölkənin Ali qanunvericilik orqanına sədr seçilməsi ilə ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan xalqının və dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Vətənini, xalqını sevən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan - Heydər Əliyevdir. Onun sözlərinə görə, həmin tarixin yaranması isə heç də asan olmamış, Heydər Əliyev siyasəti çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmişdir.
"Tale elə gətirmişdir ki, müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı və 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu"- deyə YAP Siyasi Şurasının üzvü qeyd edib.
yap.org.az