"Azərbaycanın həqiqi mənada müstəqilliyi Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra-15 İyun Milli Qurtuluş Günündən başlayır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin əldə olunması, bu müstəqilliyin daimiliyinin və əbədiliyinin təmin olunmasında başlanğıc nöqtə sayılır". Bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycan dünyaya yalnız həmin gündən sonra özünü müstəqil dövlət kimi təqdim edə bildi. Onun sözlərinə görə, bu müstəqil dövləti təmsil edən bir şəxsiyyət olaraq Heydər Əliyev bütün dünya dövlətlərinə göstərə və sübut edə bildi ki, Azərbaycanın müstəqilliyi daimidir. Bu gün Azərbaycan həm dünyada, həm regionda nüfuzu ilə fərqlənən dövlətdir. Biz artıq inkişaf etmiş ölkələr sırasına qoşulmaq prosesindəyik.
Vitse-spiker qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyətinin 10 ili ərzində məhz ən başlıca vəzifələr yerinə yetirilib. Məhz bu zaman kəsiyində Azərbaycan dövləti öz müstəqilliyini tam mənada bərpa etdi, Azərbaycanın güclü ordusu formalaşdı, Azərbaycanın bütün iqtisadi imkanları səfərbər olundu və həyata keçirilən iqtisadi layihələr ölkəmizi bir çox böyük dövlətlərin yaxın tərəfdaşına çevirdi və ölkəmiz bu layihələrin nəinki iştirakçısı, hətta təşkilatçısı oldu.
B.Muradovanın sözlərinə görə, nə qədər çətin osla da Ulu öndər Heydər Əliyev bu işlərin öhdəsindən gəldi: "Bunun nəticəsidir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi, Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində əksini tapan ideoloji və siyasi kurs Azərbaycan xalqı tərəfindən birmənalı olaraq qəbul və müdafiə olunur. Bu gün də xalq bu siyasi kursa inanır və bu da Azərbaycanın uğurlarında böyük əhəmiyyət daşıyır".
yap.org.az