İyunun 14-də İsrail Dövlətinin Azərbaycandakı səfiri Rafael Harpaz Bakıda məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur.
İsrailli diplomat əvvəlcə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasına baş çəkmişdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov ermənilərin Azərbaycanın tarixi torpaqlarını 20 ildən çoxdur işğal altında saxladıqlarını, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü diqqətə çatdırmışdır.
Yataqxanadakı şəraitlə maraqlanan səfir Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmış və onların problemləri ilə yaxından tanış olmuşdur.
Sonra səfir R.Harpaz Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə də olmuşdur.
Səfir Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq edilmişdir.
Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən səfir R.Harpaz İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərin artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
AzərTAc