Xarici İşlər Nazirliyinin 24 attaşesi Azərbaycan Diplomatik Akademiyasının (ADA) ikiaylıq "Xarici Siyasət Proqramı"nı uğurla başa vuraraq ADA İxtisasartırma Proqramlarının məzunları sırasına qoşulmuşlar.
ADA-nın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Diplomatik Akademiyasının İctimai və Beynəlxalq Münasibətlər İnstitutunda xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayevin, xarici işlər nazirinin müavini Nadir Hüseynovun, eləcə də Xarici İşlər Nazirliyinin (XİN) bir sıra idarə rəisləri və şöbə müdirlərinin iştirakı ilə məzunların sertifikatlarla təltif edilməsi mərasimi keçirilmişdir.
İkiaylıq proqram çərçivəsində ADA-nın yerli və xarici professor heyəti, Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları, hökumət və biznes sektorunun ekspertləri tərəfindən diplomatlara proqram çərçivəsində diplomatik protokol qaydaları, beynəlxalq danışıqların aparılması, mətbuat məlumatları və bəyanatların yazılması, xarici mətbuatla iş, mədəniyyətlərarası ünsiyyətin əsasları kimi praktiki mövzular, beynəlxalq hüquq və siyasətin təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin enerji siyasəti və diplomatiyasının prioritet istiqamətləri üzrə təlimlər keçirilmişdir.
ADA İxtisasartırma Proqramlarının direktoru Aygün Hacıyeva məzunları təbrik edərək demişdir ki, bununla onlar 20 müxtəlif hökumət təşkilatının təmsilçisinin daxil olduğu və əsasən diplomatlardan ibarət 600 nəfərlik "Xarici Siyasət Proqramı"nın məzunları şəbəkəsinə qoşulurlar. O, vurğulamışdır ki, əldə etdikləri bilik və qabiliyyətlər bu diplomatları Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ezam olunmaq üçün hazır kadrlara çevirmişdir.
Məzunlar adından söz alan XİN-in əməkdaşı Səbuhi Qasımov isə Azərbaycan Diplomatik Akademiyasının heyətinə maraqlı təlimlərə görə minnətdarlığını bildirmiş, bir sıra beynəlxalq ekspertlərin də daxil olduqları təlimçilər arasında onlar üçün ən maraqlı və məlumatlı dərslərin məhz ADA-nın professor heyəti tərəfindən keçirildiyini qeyd etmişdir.
AzərTAc