Tədbir Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə və 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuşdur
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə və 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimat mərasimi keçirildi. Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanovun müəllifliyi ilə çapdan çıxan kitabda Ulu Öndərin nitqi kompleks şəkildə araşdırılıb və ilk dəfə olaraq monoqrafiyada Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq, fəlsəfi nitqlər, poetik duyğular geniş əks etdirilib. Kitabın elmi redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, professor, filologiya elmlər doktoru Məsud Mahmud, rəyçilər, professor Nadir Məmmədli, filologiya elmləri doktoru İlham Tahirovdur. Kitab on dörd fəsildən ibarətdir. "Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində", "Heydər Əliyevin nitqində girişlər və sonluqlar", "Heydər Əliyevin nitqində fəlsəfi fikirlər", "Heydər Əliyevin nitqində poetik duyğular", "Heydər Əliyevin nitqində elmi üslub" və digər fəsillərdə müəllif Ulu Öndərin nitqinə müxtəlif aspektlərdən yanaşmışdır.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən təşkil olunan tədbiri giriş sözü ilə açan qurumun sədr müavini Həbib Misirov Ulu Öndərə həsr edilən bu kitabın ərsəyə gəlməsini uğurlu nailiyyət hesab edərək, yeni nəşrin Onun nitqini öyrənmək istəyənlər üçün dəyərli vasitə olduğunu diqqətə çatdırdı. O, Milli Qurtuluş Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyevin ölkənin ictimai-siyasi həyatında baş verən gərgin, psixoloji vəziyyətin yaşandığı bir dövrdə hakimiyyətə qayıdışından söz açaraq, müstəqillik illərində əldə olunan tarixi nailiyyətləri nəzərdən keçirdi. O, Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərin qısa bir zamanda müdrik siyasətinin məntiqi olaraq ölkəni düşdüyü acınacaqlı vəziyyətdən xilas etdiyini, ölkədə həyata keçirilən uğurlu inkişaf konsepsiyasını və Azərbaycanın sonrakı taleyində baş verən sıçrayışları diqqətə çatdırdı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin müdrik siyasətini uğurla həyata keçirdiyini bildirən H.Misirov Azərbaycan xalqının seçkilər ərəfəsində olduğunu və hər bir kəsin Azərbaycan reallıqlarını, işıqlı gələcəyini nəzərə alaraq, Cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirdi.
O, Azərbaycanın gələcəyini qurub-yaradan Heydər Əliyevin nitqinin N.Zamanov tərəfindən araşdırılıb öyrənilməsini və kitabın belə bir nəfis tərtibatla geniş ictimaiyyətə təqdimini yüksək qiymətləndirdi.
Tədbiri aparmaq üçün söz ATU-nun tarix kafedrasının professoru Fəxrəddin Məmmədova verildi. O, Milli Qurtuluş Günündə bu kitabın təqdimini böyük bir töhfə kimi qiymətləndirərək Heydər Əliyevin nitqi ilə bağlı maraqlı məqamların "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti"ndə yer aldığını söylədi. O, Ulu Öndərin Azərbaycan dilinin inkişafı istiqamətində atdığı uğurlu addımları vurğulamaqla yanaşı, tarixi dövrlərdəki Azərbaycan dilinin inkişaf mərhələsini də nəzərdən keçirdi. 1978-ci ildə Ulu Öndərin təkidi, milli ruhu, xalqına məhəbbətinin məntiqi nəticəsi olaraq Azərbaycan dili dövlət dili olaraq qəbul edilmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətin əsas atributlarından olan Azərbaycan dili dövlət dili kimi təsdiqini tapdı. Belə bir Şəxsiyyətin nitq mədəniyyətini araşdıran müəllifin "Heydər Əliyev və nitq mədəniyyəti" kitabını geniş ictimaiyyətin ixtiyarına verməsinin Azərbaycan dilçiliyi sahəsində uğur kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən şair, publisist, "Təbib" qəzetinin baş redaktoru Eldar İsmayılov Azərbaycan dilinin bütün incəliklərinə qədər bilən və danışığında bu dilin normalarına əməl edən Ulu Öndərin dərin məzmunlu çıxış və məruzələri əsasında yazılmış kitabı Azərbaycan dilçiliyində yeni bir hadisə olduğunu bildirdi.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov geniş araşdırmalar əsasında ərsəyə gələn kitab haqqında danışmaqdan qürurlandığını söyləyərək "Heydər Əliyev və nitq mədəniyyəti"nin Qurtuluş Gününə ən böyük hədiyyə kimi dəyərləndidi. Kitabda Heydər Əliyevin bütün çıxışlarının yer aldığını bildirən S.Hüseynov 2-ci cilddə müəllifin daha geniş araşdırmalarının ortaya çıxaracağını vurğuladı. Kitabda Heydər Əliyevin nitqinin sistemləşdirilmiş şəkildə öyrənilməsini bildirən S.Hüseynov müəllifin bir dilçi kimi münasibətinin diqqət çəkdiyini vurğuladı. Nitqə necə başlamaq və necə sona yetirmək Heydər Əliyevin çıxışlarında özünü büruzə verir ki, müəllif də bu məqamlara xüsusi önəm yetirib. O, belə bir kitabın universitet kitabxanalarına hədiyə olunması təklifini də irəli sürdü.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Arif Məmmədli, ATU-nun professoru Fərhad Talıbov və başqaları çıxış edərək, Ulu Öndərə həsr olunmuş kitabın əsas əhəmiyyətini diqqətə çəkdilər. Tədbirin sonunda kitabın müəllifi N.Zamanov fenomenal nitq mədəniyyətinə malik olan Şəxsiyyətin dilinin araşdırılması istiqamətində apardığı tədqiqat işlərinə böyük məsuliyyətlə yanaşdığını bildirdi. O, qeyd etdi ki, kitabda Heydər Əliyevin nitqinə müxtəlif məqamlardan yanaşmış və üslub xüsusiyyətləri çərçivəsində Onun nitqini öyrənərək, oxucuların ixtiyarına vermişdir.
Nəzakət Ələddinqızı