İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Məqsəd Azərbaycanın mədəniyyəti, turizm potensialı ilə yaxından tanış olmaq və onu dünyaya çatdırmaqdır.
AzərTAc xəbər verir ki, iyunun 17-də nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
Təşkil olunan "dəyirmi masa"da "Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov səfərin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, İstanbul Türkiyə-Azərbaycan dərnəyinin nümayəndə heyəti Gəncə, Salyan və Qubaya səfər etmişlər. Regionlarla tanışlıqla yanaşı qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu ermənilərin türklərə qarşı beş dəfə soyqırımı törətdiklərini xatırlatmış, bu vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən layiqli qiymətini hələ də almamasının təəssüf doğurduğunu demişdir.
Tədbirin sonunda "Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi adından qardaş xalqlar arasında sivil-mədəni əlaqələri uğurla təmsil etdikləri üçün İstanbul Türkiyə-Azərbaycan dərnəyinin üzvlərinə diplomlar təqdim olunmuşdur.
AzərTAc