İyun ayının 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyəti birgə "İnkişafın başlanğıc nöqtəsi: Qurtuluş məfkurəsi, Heydər Əliyevin hakimiyyətə qayıdışı" adlı tədbir keçirib.
Tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, 15 İyun - Milli Qurtuluş Günü bir tərəfdən Heydər Əliyevin əzəmətinin və qüdrətinin, digər tərəfdən Azərbaycan xalqının müdrikliyinin və siyasi kamilliyinin təntənəsidir.
Fikirlərini tədbir iştirakçıları ilə bölüşən YAP Siyasi Şurasını üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması tariximizdə əlamətdar günlərdən biridir.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, professor İradə Hüseynova bildirib ki, 20 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.
Sonra tədbirdə YAP Nizami rayon təşkilatının 10 mininci üzvü, karate üzrə Avrasiya kubokunun, 3 qat dünya kubokunun sahibi, 3 qat dünya və 3 qat Avropa çempionu Bağırov Taleh Əkbər oğluna partiya vəsiqəsi təqdim edildi və Azərbaycan Respublikasını dünyada layiqincə təmsil etdiyinə görə, rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu.
Daha sonra partiyaya qəbul edilmiş digər gənclərə vəsiqələr və rayonun ictimai-siyasi həyatındakı aktivliyinə görə fərqlənənlərə Fəxri Fərmanlar verildi.
yap.org.az