PDF Oxu

Siyasət

  • 21

Son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilib

Son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilib

Prezident İlham Əliyev: "Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir"

Bu gün Azərbaycan nəinki regionda, hətta dünyanın böyük bir siyasi-coğrafi məkanı üzrə ən böyük nailiyyətləri olan, uğurla inkişaf edən dövləti kimi qəbul edilir. Bütün nailiyyətlər isə, əlbəttə ki, ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunub. Bu inkişaf da artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və Azərbaycanın təcrübəsi ən müsbət nümunə kimi öyrənilir. Sirr deyildir ki, Azərbaycanın keçdiyi yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, istiqamətdir. Bu, öz növbəsində, ölkəmizin üzərinə daha böyük məsuliyyət qoyur.

Son 10 ilin uğur formulası...

Qeyd edək ki, hazırda dünyanın, eləcə də, ölkəmizin tanınmış iqtisadçıları Azərbaycanın siyasi, sosial-iqtisadi inkişafını ümumi mənada 3 dövrə bölürlər:

a) 1991-1993-cü illər: Bu dövrdə müstəqillik əldə olunsa da, praqmatizmin olmadığı şəraitdə Azərbaycan total xaosa, sosial-iqtisadi tənəzzülə düçar olmuşdu.

b) 1993-2003-cü illər: Sözügedən dövrdə Azərbaycanda siyasi sabitlik yarandı, iqtisadiyyatdakı gerilik prosesi dayandırıldı, sosial-iqtisadi həyat şəraitinin yüksəldilməsi üçün islahatlar reallaşdırılmağa başlanıldı. Bununla da, Azərbaycanın uzunmüddətli inkişafı üçün güclü təməl formalaşdırıldı.

c) 2003-cü ildən sonrakı dövr: Bu dövrün ötən 10 ili ərzində isə Azərbaycanda sürətli keyfiyyət dəyişiklikləri baş verib. Siyasi və iqtisadi reformalar paralel şəkildə həyata keçirilməklə, bütün sahələrdə ciddi inkişaf prosesləri yaşanıb, insanların rifah halı yüksəlib, Azərbaycan beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənib.

Əlbəttə ki, son 10 il ərzində Azərbaycanda müşahidə olunan inkişaf proseslərini təhlil edən araşdırmaçılar nailiyyətlərin əldə olunmasına səbəb olmuş uğur formulu haqında danışırlar. İnkişafın Azərbaycan modeli haqqında fikirlər söylənilir və dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir.

Azərbaycan on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Həmçinin, belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Əlbəttə ki, bu, hər bir ölkə üçün nümunə ola bilər.

Qeyd edək ki, Azərbaycanda yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb. Bir milyon 100 mindən çox yeni iş yeri açılıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Hökumət artıq "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuldur.

Bununla yanaşı, son on il ərzində Azərbaycanda orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artıb. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar siyasətin əsas istiqamətləridir. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür. Ona görə görülmüş işlər deməyə əsas verir ki, hökumət gələcəkdə də bu uğurlu meyilləri daha da gücləndirəcək və Azərbaycanın uğurlu inkişafını təmin edəcək. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf var.

Hakimiyyət tərəfindən atılan addımlar bir daha isbatlayır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Ona görə Azərbaycanda aparılan islahatlar, baxmayaraq ki, çox ciddi xarakter daşıyır və köklü islahatlardır.

Hər kəs tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilir ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Azərbaycanda isə həm iqtisadi islahatlar aparılıb, eyni zamanda, çox güclü sosial proqramlar da icra edilib.

Bütün bunlar göstərir ki, hakimiyyət Azərbaycanın gələcəyə baxır. Məhz bu gün Azərbaycanda icra edilən layihələr də elə gələcəyə yönəldilib.

Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini möhkəmlədib

2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilib. Beynəlxalq münasibətlər sistemində yerini möhkəmlədən Azərbaycan çoxtərəfli və ikitərəli münasibətlərdə nümunəvi əməkdaşlıq sərgiləyib.

Ölkəmiz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bu, təbii ki, Azərbaycanın diplomatiyasının, siyasətinin, dövlətçiliyimizin qələbəsidir və təntənəsidir. Eyni zamanda, Azərbaycan bu gün qlobal problemlərin həlli ilə məşğuldur.

Dövlətimiz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstərir. Azərbaycan üzv olduğu təşkilatlarda milli maraqları müdafiə edir, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən təşkilatların inkişafına böyük töhfə verir.

Azərbaycanın ikitərəfli formatda qurduğu xarici siyasət də başqa ölkələr üçün nümunə ola bilər. Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı Azərbaycanın bu sahədəki uğurlarına toxunan Prezident İlham Əliyev deyib ki, bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulub: "Bu, bizim yanaşmamızdır. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyillər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar. Ümumiyyətlə, dünya daha çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha normal şəraitdə getsin".

Demokratik Azərbaycanın inkişafı davamlı olacaq

Son 10 il ərzində Azərbaycanın daxili siyasətində də uğurlu nəticələr əldə olunub. Daxili siyasətlə bağlı Azərbaycanda çox böyük işlər görülüb və demokratiyanın bütün göstəriciləri üzrə ciddi addımlar atılıb. Söz, mətbuat, vicdan, azad toplaşma, özünü ifadə azadlıqlarının təminatı sahəsində uğurlu nəticələr olub, çoxpartiyalı sistem daha da möhkəmlənib, siyasi plüralizm dərinləşib, vətəndaş cəmiyyəti dövlət idlarəçiliyində daha aktiv iştirak edib. Əlbəttə ki, bütün bu işlərdə ən böyük təsirə malik və siyasi sistemin ən əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi islahatların dərinləşməsində də xüsusi rolu və məsuliyyəti var.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı deyib ki, bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik: "Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır".

Azərbaycanın gələcək

inkişafı ilə bağlı tərəddüd, şübhə yoxdur

Göründüyü kimi, son on il ərzində həyata keçirilmiş işlər Azərbaycanın perspektiv inkişafı ilə bağlı hər kəsdə müsbət rəy formalaşdırır. Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini söyləyərkən, perspektivə əminliklə baxdığını ifadə edib: "Bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı icra ediləcəkdir. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin.

Bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir. Əminəm ki, biz buna nail olacağıq".

"Səs" Analitik Qrupu

Digər xəbərlər