"İslam ölkələri ərazilərində indiyə kimi həll edilməmiş problemlər, o cümlədən Azərbaycanın da zorla cəlb edildiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq sülh üçün ciddi maneə törədir". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlamenti İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclasında çıxışı zamanı deyib.
Z.Əsəgrovun sözlərinə görə, mövcud münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir: "Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan siyasi, iqtisadi, ekoloji və digər problemləri ölkələrin səylərini birləşdirmədən həll etmək mümkün deyil. Digər tərəfdən, dünya siyasətində cərəyan edən bir sıra inkişaf meylləri islam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini ön sıraya çıxarır. Hesab edirəm ki, islam dini xalqlarımızı bir-birinə bağlayan ən böyük mədəni sərvətlərdən biridir. Din insanın daxili aləminin saflaşması, cəmiyyətin hərtəfli inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. İslam dini cəmiyyətdə əxlaqi meyarların, dostluq, humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan Respublikasında islam dini dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul edilir. Xalqlarımızın ortaq dəyərləri kimi möhkəm təməl üzərində qurulan iş birliyimiz bölgəmizin tərəqqi və çiçəklənmə zonasına gətirib çıxaracaq".
sia.az