"Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür və ölkə lideri də buna imkan verməz". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov beynəlxalq təşkilatların Azərbaycanla bağlı son hesabatlarına münasibət bildirərkən deyib.
YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, belə bəyanatları səsləndirənlər sadəcə diplomatik tonun, etiketin nədən ibarət olduğunu unudurlar. İkincisi, Azərbaycan kifayət qədər güclü dövlətdir və güclü dövlətin lideri ilə hansısa tonla danışmaq mümkün deyil: "Azərbaycan rəsmiləri bu məsələyə birmənalı münasibət bildiriblər. Azərbaycan Avropa İttifaqı və digər beynəlxalq strukturlarla əməkdaşlıq edir və bu tərəfdaşlıq münasibətlərində səmimi olduğunu kifayət qədər sübuta yetirib. Hesab edirəm ki, Prezident İlham Əliyevin Aİ rəhbər şəxsləri ilə görüşlərini nəzərdə tutan səfərlərində bunun bir daha şahidi olacağıq. Avropa və Azərbaycan bir çox məsələlərdə tərəfdaşlıq edir. Azərbaycan Avropa üçün böyük dəyər daşıyır".
Ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycandakı siyasi prosesləri təhrif edən hesabat və bəyanatlarına rəsmi Bakının münasibət bildirdiyini deyən hakim partiyanın icra katibi Ə.Əhmədov qeyd edib ki, bunun heç bir əsası yoxdur: "Azərbaycanın siyasi mənzərəsi Azərbaycan vətəndaşlarının gözləri qarşısındadır. Azərbaycanın demokratik inkişafı xalqın iradəsi əsasında həyata keçirilir. Beynəlxalq təşkilatların dəyərləndirmələrində biz dəfələrlə burada subyektiv məqamların, yanaşmaların olduğunu bildirmişik. Nə qədər ki obyektiv yanaşma olmayacaq, Azərbaycan vətndaşları subyektiv təhlillər əsasında hazırlanmış hesabatlara öz etirazını və mənfi münasibətini bildirəcək".
sia.az