Bu gün "Park İn Hotel"də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Milli Məclisin deputatı Musa Urudun müəllifi olduğu kimi "Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin müavinləri, Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar və qəzet baş redaktorları iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, millət vəkili Musa Urudla birgə parlamentdə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (QƏT) tədbirlərində çıxışları olub: "Həmin tədbirlərdə Musa Urud çıxışı zamanı yalnız bir məqama toxunub. Burada Ermənistanın Azərbaycana qarşı işğalçılığını ifşa edən faktlar önə çəkilirdi. Kitabda tarixi faktlarla yanaşı, epizodlar da öz dəqiqliyi ilə təqdim olunub. Hamıya məlumdur ki, tarixdə həqiqət qızıla bərabərdir, yalan isə həmişə çürüyəcək. Zəngəzurla bağlı xeyli sayda kitab, əsər, faktlara söykənən dəlil və sübutlar var".
Xatırladaq ki, Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında İrəvan xanlığı və s. ilə bağlı tezislər səsləndirib.
Daha sonra "Zəngəzur toponimləri" adlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov kitabın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu kitab tariximizin gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Kitabı oxuyarkən Zəngəzur haqqında böyük təəssürat yaranır. Bu kitabı yazan insanın qəlbində həmin torpağın ağrı-acısı hiss olunur. Bu da onu göstərir ki, adıçəkilən kitab böyük sevgi ilə ərsəyə gəlib. Əminəm ki, tezliklə biz əzəli torpağımız olan Dağlıq Qarabağı erməni işğalçılarının tapdağı altından azad edəcəyik. Azərbaycanın ildə-ilə qüdrətlənməsi, iqtisadi imkanlarının getdikcə artması, bunu daha da tezləşdirəcək. Kitab özlüyündə çox dəyərlidir. Zəngəzuru görməyən hər bir insan bu kitab vasitəsilə həmin bölgə haqqında ətraflı məlumat əldə edəcək".
Daha sonra millət vəkili Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Bəylər Əliyev və digərləri çıxış edərək kitab haqqında dəyərli fikirlərini bölüşüblər.
sia.az