Litvanın hakim Sosial Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas, Litva Tələbə Birliyinin sədri Paulius Baltokas və Dünya Litva Assosiasiyasının nümayəndəsi Ieva Davidenko "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) mərkəzi qərargahında olmuşlar.
İB-dən AzərTAc-a bildirmişlər ki, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov litvalı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti, münaqişənin dinc vasitələrlə nizamlanmasında Azərbaycan tərəfinin mövqeyi və digər məsələlər haqqında geniş məlumat vermişdir.
Qonaqlar bu münaqişənin tezliklə, beynəlxalq hüquq prinsipləri əsasında həllinin vacibliyini vurğulamışlar. Sosial Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas qeyd etmişdir ki, bu il Avropa İttifaqına Litva sədrlik edəcəkdir. Litva bu imkandan istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə çalışacaqdır. O, əmin olduğunu bildirmişdir ki, Avropa İttifaqının və Litva kimi dost ölkələrin dəstəyi ilə münaqişənin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkün olacaqdır. "Biz bilirik ki, Avropa İttifaqı və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırlar", - deyə qonaq vurğulamışdır.
Daha sonra görüş qarşılıqlı sual-cavab və əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam etmişdir.
AzərTAc