İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçıları iyunun 19-da Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə tər çiçəklər qoymuşlar.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə çiçəklər düzmüşlər.
Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc