Qətərin ingilisdilli əsas mətbu orqanı sayılan və gündəlik nəşr olunan "The Peninsula" qəzetinin 19 iyun tarixli nömrəsində bu il mayın 29-dan iyunun 1-dək Bakıda keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına dair geniş məqalə dərc olunmuşdur. Azərbaycanın Qətər Dövlətindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, qeyd olunan məqalədə qətərli jurnalist Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədikləri təşəbbüs olduğunu nəzərə çatdırmışdır.
Forumun mühüm əhəmiyyətini qeyd edən jurnalist tədbirdə beynəlxalq qurumların rəhbərlərinin, bir neçə ölkənin hazırkı və keçmiş prezidentlərinin, dünyanın 100-dən çox ölkəsindən nazirlərin, ekspertlərin, beyin mərkəzləri rəhbərlərinin, alimlərin və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiklərini vurğulamışdır. Müəllif yazısında ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə oxuculara ətraflı məlumat vermişdir. Jurnalist bu gün Azərbaycanın özünün vacib strateji mövqeyi və iqtisadi inkişafı sayəsində regionun əsas oyunçularından birinə çevrildiyini vurğulayır. Müəllif ölkəmizin qısa müddətdə əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən söz açmışdır. Məqalədə, eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrinin sürətlə inkişaf etdiyi qeyd olunmuşdur. "The Peninsula" qəzetinin müxbiri Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən bəhs edərək Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda apardığı genişmiqyaslı işlərə toxunmuş, beynəlxalq hüquq normalarının bu münaqişənin həlli məsələsində işləmədiyini qeyd etmişdir. Bildirmişdir ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymur, işğal davam edir və beynəlxalq hüquq normaları təcavüzkar dövlət tərəfindən kobud şəkildə pozulur. Jurnalist məqaləsində "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirildiyini bildirərək, dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə qonağın Bakının gözəlliyi və möhtəşəmliyinə valeh olduğunu qeyd etmişdir.