PDF Oxu

Siyasət

  • 26

İlham Əliyev: “Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir”

İlham Əliyev: “Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir”

Azərbaycanın iqtisadi potensialı yüksəldikcə, ölkənin hərbi qüdrəti də artır. Ölkə Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin (SQ) daha sürətlə inkişaf etməsi, formalaşması üçün bir çox təqdirəlayiq islahatlara imza atıb. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, həm də hərbi qulluqçuların sosial vəziyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Aparılan uğurlu islahatların, məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Hazırda Azərbaycan ordusu təkcə bölgənin deyil, bütün dünyanın güclü ordularından biridir.

Ordu quruculuğunda böyük işlər görülüb

Cari il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğu istiqamətində 2012-ci ildə də böyük işlər görüldüyünü deyib: "Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınıb, infrastruktur yaradılıb".

Prezident qeyd edib ki, ötən il ümumi hərbi xərclər üç milyard dollardan çox olub: "Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

Son illər ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Bir çox ölkələrlə, təşkilatlarla hərbi əməkdaşlıq sazişləri imzalanır, bu sahədə təcrübələr qazanılır.

İkitərəfli hərbi əməkdaşlıqlar güclənir

Azərbaycanın beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir. Azərbaycan Respublikası dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb.

Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İsveçrə, Koreya və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.

İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir.

Birgə təlimlər keçirilir

Bundan əlavə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilən ingilis dili kurslarına Silahlı Qüvvələrin 100-ə yaxın hərbi qulluqçusu cəlb edilib. Eyni zamanda, Silahlı Qüvvələrin hərbi qulluqçuları müvafiq ölkələrin səfirlikləri tərəfindən təşkil edilən alman, fransız və italyan dili kurslarında iştirak edirlər.

İkitərəfli əməkdaşlıq planları hazırlanarkən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) proqramında qəbul edilmiş öhdəliklərin və Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin təşkilinə diqqət yetirilir.

Neft kəmərlərinin mühafizəsi üzrə Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə hər il birgə "ETERNITY" təlimi keçirilir. Bakıda yerləşən xarici ölkələrin səfirlikləri və hərbi attaşelik aparatları, həmçinin, bir sıra beynəlxalq təşkilatlarla hərbi məsələlərlə bağlı əlaqələr genişləndirilərək davam etdirilir.

Ölkəmizlə hərbi əməkdaşlıqda maraqlı dövlətlər

Keçmiş sovet ölkələrindən Rusiya, Ukrayna və Belarusla əməkdaşlıq əsasən hərbi texnikanın alınması və təmiri, eləcə də, hərbi kadrların yetişdirilməsi ilə bağlı əməkdaşlıq mövcuddur. 2010-cu ildən etibarən Rusiyada Hərbi Akademiyaya oxumaq üçün gənc zabitlər göndərilir. Ukrayna ilə da kadrların hazırlanması ilə bağlı müzakirələr gedir. Orta Asiya ölkələri ilə də Azərbaycanın əməkdaşlığı var.

Ötən illərdə müxtəlif avadanlıqların alınmasında, həm də kadrların hazırlanmasında Türkiyənin Azərbaycana böyük dəstəyi olub. Eyni zamanda, NATO standartlarına uyğunlaşmaqda Türkiyənin rolu əvəzsizdir. Türkiyədən başqa, NATO-nun 6 ölkəsi də Azərbaycanla hərbi əməkdaşlığa cəlb olunub və Azərbaycanın müdafiə sənayesinin yaradılması onunla hərbi əməkdaşlıqda maraqlı olan ölkələrin sayının artmasına rəvac verib.

NATO üzvü olmayan, lakin NATO standartları səviyyəsinə uyğun olan Cənubi Afrika Respublikası və İsraillə əməkdaşlıq da Azərbaycan üçün əhəmiyyət kəsb edir.

Xüsusən də, pilotsuz uçuş aparatlarının əldə olunmasında İsraillə əməkdaşlıq əhəmiyyət daşıyır və milyonlarla dollar dəyərində ölçülə bilər. Bundan başqa, Azərbaycan ABŞ-la da istər NATO, istərsə də ikitərəfli əməkdaşlıq sazişləri çərçivəsində hərbi əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən Xəzərdə təhlükəsizliyin güclənməsi istiqamətində formalaşıb, iki radar stansiyasının quraşdırılmasında ABŞ-ın dəstəyi olub. Bu əməkdaşlıq hazırda davam edir. Eləcə də, ərəb ölkələri və Çinlə də əməkdaşlıq mövcuddur.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının və Baş Qərargah Rəisləri Komitəsinin iclaslarında iştirak edir. 2001 və 2006-cı illərdə MDB Müdafiə Nazirləri Şurasının iclasları Bakıda keçirilib.

4 may 1994-cü il tarixdə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikası Silahlı Qüvvələrində (SQ) çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və SQ-nin Hərbi Akademiyasının tədris proqramına "Müdafiə Strategiyası və Planlaşdırılması" fənninin yeni modul kimi daxil edilməsi üzrə NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramına qoşulub.

Silahlı Qüvvələrin sülhməramlı fəaliyyəti

1997-ci il tarixdən Azərbaycan Respublikası SQ-nin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb. 1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası SQ-nin sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci il tarixinədək 151 nəfər şəxsi heyətlə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. 20 noyabr 2002-ci il tarixdən Azərbaycan Respublikası SQ-nin 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərib.

Prezident İlham Əliyevin söylədiyi kimi: "Bir sözlə, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Bizim ordumuz bizim qürurumuzdur". "Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq" - deyən Ali Baş Komandan bundan sonra da Azərbaycan ordusunun güclənmə prosesinin davam etdiriləcəyini, ordumuzun peşəkarlığının daha da artırılacağını vurğulayıb.

Cabir

Digər xəbərlər