Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışında iştirak etmişdir
Dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yeni inşa edilmiş ikinci müalicə korpusunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxdı. Dövlətimizin başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyev yeni korpusun ürək-damar bölməsində yaradılan şəraitlə tanış oldu.Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.
Kollektivi təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Hərbi hospitalın yeni binasının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu açılış onu göstərir ki, Azərbaycanda səhiyyə sahəsində işlər yüksək səviyyədə aparılır. Son on il ərzində Azərbaycanda 500-dən çox tibb ocağı tikilmiş və təmir edilmişdir. Bakıda və bütün bölgələrdə yeni müasir xəstəxanalar, diaqnostika mərkəzləri açılır və insanlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Bu, çox vacib məsələdir. Çünki insanların sağlamlığı dövlət üçün prioritetdir. Son illər ərzində bu sahədə görülən işlər, doğrudan da yüksək qiymətə layiqdir.
Bu hospitalın tikintisi özlüyündə bir göstəricidir. Mən bir neçə il bundan əvvəl hospitalın birinci korpusunun açılışında iştirak etmişdim. O vaxt da çox böyük işlər görülmüşdü. Bu bina və burada quraşdırılmış avadanlıq əlbəttə ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında olan şərait və texniki təchizat burada vardır.
Bu, belə də olmalıdır. Çünki Azərbaycanda hər bir sahədə - iqtisadiyyatın, xidmətin hər bir sahəsində ən yüksək standartlar olmalıdır. Biz bunu gözəlləşən şəhərlərdə yeni infrastruktur layihələrinin yaradılmasında və eyni zamanda, vətəndaşlara göstərilən tibbi xidmətdə görürük.
Burada bütün şərait vardır. Şadam ki, burada çalışan mütəxəssislər də böyük peşəkarlığa malikdir, xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin əksəriyyəti gənclərdir. Bu da məni çox sevindirir. Çünki indi dünyada tibb elmi o qədər sürətlə inkişaf edir ki, bu inkişafı daim izləmək lazımdır. Ən mütərəqqi texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, burada indi ən müasir avadanlıq vardır, əsas məsələ bu avadanlıqdan səmərəli şəkildə istifadə etmək və insanlara yüksək tibbi xidmət göstərməkdir.
Bu hospitalın açılışı Silahlı Qüvvələr Günü ərəfəsində baş verir. Sabah biz Silahlı Qüvvələrin 95 illiyini qeyd edəcəyik. Sabah hərbi parad keçiriləcəkdir. Azərbaycan hərbi qüdrətini bir daha nümayiş etdirəcəkdir. Ordumuz inkişaf edir, güclənir və hərbçilərin sosial məsələləri də həll edilir. Dünən hərbçilərin vəzifə maaşlarının artırılması ilə bağlı Sərəncam imzalanmışdır. Bu gün bu gözəl hospital açılır. Bildiyiniz kimi, 20 il qüsursuz xidmət göstərmiş hərbçilərə artıq dövlət tərəfindən mənzillər verilməyə başlanmışdır. Artıq 187 mənzil verilmişdir. Yəni, hərbçilərin sosial müdafiəsi daim diqqət mərkəzindədir.
Bütövlükdə, sosial məsələlərin həlli, yeni şəraitin yaradılması işində uğurlar var və bu hospitalın tikilməsi, açılması bunun əyani sübutudur. Digər qurumların da hospitalları, xüsusi tibb mərkəzləri açılmışdır. Son illər ərzində Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Gömrük Komitəsi, Xüsusi Mühafizə Xidməti öz hospitallarını tikib istifadəyə vermişlər. Yəni, hesab edirəm ki, indi bütün qurumlarda hüquq mühafizə orqanlarının işçilərinin yüksək tibbi xidmət almaları üçün şərait vardır. Eyni zamanda, qeyd etdiyim kimi, bütün başqa yerlərdə də yeni tibb müəssisələri açılır və bu proses bundan sonra da davam etdiriləcəkdir.
Burada yüksək xidmət göstərilməlidir. Arzu edirəm ki, hərbçilər xəstələnməsinlər. Ancaq xəstələnəndə də artıq yüksək xidmət ala biləcəklər. Burada çarpayıların sayı minə qədərdir. Yəni, bu, Azərbaycanın ən böyük tibb müəssisəsidir. Hesab edirəm ki, burada ən yüksək standartlar daim saxlanmalı və insanlara yüksək xidmət göstərilməlidir.
Bir daha bu gözəl hadisə və qarşıdan gələn bayram münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram. Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ən müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış oldu.
Qeyd edildi ki, hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Burada, həmçinin 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 yaralı və xəstə çadırı vardır. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gəlməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu, isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, səyyar mətbəx, hamam və sanitar qovşaqla təchiz olunmuşdur. Bütün konteyner və çadırlarda işıq, mərkəzləşdirilmiş isitmə-soyutma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılmışdır.