Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov YAP Nəsimi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə görüşüb. SİA-nın xəbərinə görə, prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində keçirilən görüşdə çıxış edən Əli Əhmədov ötən on ildə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlardan söhbət açıb.
Bugünkü görüşün məqsədinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin etmək olduğunu deyən Əli Əhmədov bildirib ki, müşahidələr göstərir ki, YAP-ın V qurultayının İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarını Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dəstəkləyir: "Bu onu göstərir ki, Azərbaycan cəmiyyəti son 10 ildə Azərbaycanda baş verən müsbət dəyişiklikləri, irəliləyişləri yüksək dəyərləndirir. Bunun böyük əsasları var. Çünki son 10 ildə İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etdirib, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri xeyli güclənib. Eyni zamanda əhalinin rifahı yüksəlib. Bu dəyişikliklər hər birimizin gözü önündə baş verib. İndi Azərbaycan vətəndaşları yeni həyat standartları çərçivəsində yaşayırlar. Son 10 il ərzində əldə edilən uğurlar göstərir ki, növbəti 5 ildə də prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın daha da inkişafına gətirib çıxaracaq".
Sədr müavini həmçinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsində YAP-ın hər bir üzvünün üzərinə məsuliyyət düşdüyünü qeyd edib: "YAP özünün 600 minlik üzvləri ilə seçki kampaniyasını yüksək səviyyədə keçirməyə qadirdir".
sia.az