20 ildən artıqdır ki, özlərini müxalifət düşərgəsində hər cür manevrlərlər sistemində yoxlamış şəxslər indiki halda belə yeni oyun qaydaları müəyyənləşdirməkdən çəkinmirlər. Onlar düşünürlər ki, müəyyən dövr ərzində yəni, seçki konpaniyası müddətində "fəallıq" nümayiş etdirməklə öhdəlikli olduqları xarici təşkilatlar qarşısında missiyalarını yerinə yetirmiş olurlar. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, politoloq Aydın Hüseynov deyib.
Siyasi Şuranın üzvü bildirib ki, amma bütün bunlar müxalifətin ümumi mənzərəsini tam əks etdirmir: "Çünki bu düşərgədə şəxsi ambissiyalarını daima yüksəkdə tutan şəxslər cəlb olunublar ki, onlar heç bir halda bir-birlərinə qarşı belə güzəştə getməkdə maraqlı deyillər. Hər seçki öncəsi isə müxalifət özü üçün bir qurban müəyyənləşdirir. Bu dəfə isə onların güdaza verəcəkləri şəxs rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov oldu. Ömrü boyu bir dəfə də olsun siyasi ədəbiyyatla belə tanış olmayan R.İbrahimbəyov kimi birinin builki seçkilər öncəsi ortalığa atılması tamam başqa mətləblərdən xəbər verir. Çünki müxalifət düşərgəsində bu günə qədər özlərinə lövbər salmış şəxslər qeyri-ənənəvi şəxsləri dövriyəyə qatmaqla özlərini pərdələmiş olurlar. Müxalifət adından danışan Müsavat başqanı İsa Qəmbərov və AXCP sədri Əli Kərimov heç bir situasiyada bir-birlərinə belə güzəştə getməyiblər, o ki qaldı Rüstəm İbrahimbəyov olsun. Ona görə də düşünürəm ki, yenicə yaratmış olduqları qondarma "milli şura"nı da Əli Kərimovla İsa Qəmbərov vahid namizəd problemi məngənəsində boğacaqlar".
sia.az