"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclər ictimai-siyasi həyatın bütün sferasında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Müasir dövrdə gənclərin təhsili istiqamətində görülən işlər gənclərin ölkənin quruculuq işlərindəki fəallığına, eləcə də güclü kadr potensialının mövcudluğuna əsaslanır. Məlumdur ki, ölkəmizin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir.
Qeyd edək ki, müəyyən tarixi dövrlərdə azərbaycanlılar dünyanın müxtəlif bölkələrində fərdi və pərakəndə şəkildə təhsil almaq imkanına malik idilər. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə, sözün əsil mənasında, dirçəliş başladı. Təsadüfi deyil ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verdilər.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ yenidən diqqət mərkəzində oldu. Ümummilli Lider Heydər Əliyevin qayğısı bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamına uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.
Hazırda uğurla həyata keçirilən Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb. Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xaricdə təhsil üçün prioritet ixtisaslar da mövcuddur. Proqram çərçivəsində xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin sayında ilbəil say artımı müşahidə edilir. Əgər 2011-2012-ci ildə xaricdə 435 nəfər Dövlət Proqramı ilə xaricdə təhsil almışdırsa, 2012-2013-cü ildə isə bu say bir qədər də artmışdır. Belə ki, ötən tədris ilində xaricdə təhsil almaq üçün 606 nəfərə Dövlət Proqramı ilə xaricdə təhsil alıb. Onlardan 222 nəfəri magistr, 205 nəfəri bakalavr, 159 nəfəri rezidentura, 20 nəfəri isə doktorantura üzrə təhsil alır.
Qeyd edək ki, respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrların müasir dövrün tələblərinə cavab verəcək gücə, biliyə malik olmağı tələb edir. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib.
NƏZAKƏT